REGİONLAR
Məhsul bol olduğundan fermerlər soyuducu anbarların sayının artırılmasını təklif edirlər
Qazax, 18 sentyabr, AZƏRTAC
Qazax rayonunda 362 hektar üzüm bağı var ki, bunun da 337 hektarı bar verən bağlardır. Rayonun Hüseynbəyli kəndində fermerlər artıq məhsulun yığımına başlayıblar. Bu il bol məhsul götürəcəklərini deyən torpaq sahibləri üzüm bağında dərimə qədər lazımi aqrotexniki qulluğun yüksək səviyyədə aparıldığını, gübrə və zərərvericilərə qarşı dərmanlama işlərinin vaxtlı-vaxtında aparıldığını deyirlər. Elə buna görə də üzüm plantasiyalarında sağlam üzüm salxımları diqqət çəkməkdədir. Kənd fermerləri əsasən “Bolqar” və “Təbriz” süfrə üzüm sortları becəriblər. Fermerlər qarşıdakı günlərdə texniki sort üzümlərin də yığımını həyata keçirəcək. ilkin göstəricilər də ürəkaçandır. Sahələrdə kifayət qədər məhsul var.
Fermer Nəriman Abdullayev AZƏRTAC-a bildirib ki, sahədən topladıqları məhsulun tez xarab ola biləcəyini nəzərə alaraq soyuducu anbarlarla da müqavilə imzalayıblar. Məhsulu yığdıqdan sonra anbarlarda qış aylarına, hətta yaza qədər saxlayıb sonra satışını həyata keçirirlər. Hazırda üzümün kiloqramı yerli bazarlarda 80 qəpik- 1 manata alıcılara təklif olunur. Fermerlərin təklifi isə yerlərdə soyuducu anbarların sayının bir qədər də artırılmasıdır. Belə olduqda məhsul itkisi olmadan saxlanılır və lazım olduqda bazarlara çıxarılır. Kənd təsərrüfatı mütəxəssisləri regionda son illər üzümçülüyə marağın artığını və yeni üzüm bağlarının salındığını deyirlər. Bu il mövsümün sonunadək yüksək məhsul əldə olunacağı proqnozlaşdırılır. Hava şəraiti belə normal keçərsə oktyabrın əvvəlinə qədər yığım yekunlaşacaq.