ELM VƏ TƏHSİL


Məhtimqulu Fəraqi – dostluq və qardaşlıq nəğməkarı

Bakı, 18 may, M.Dadaşov, AZƏRTAC

Mayın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda “Məhtimqulu Fəraqi – dostluq və qardaşlıq nəğməkarı” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Ədəbiyyat İnstitutunun alim və mütəxəssisləri, Türkmənistanın Azərbaycandakı səfirliyinin nümayəndələri, ölkəmizin tanınmış elm xadimləri iştirak ediblər.

AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli Azərbaycan-Türkmənistan ədəbi əlaqələrinin müasir inkişafının yüksək səviyyədə olduğunu deyib. O, Ədəbiyyat İnstitutu tərəfindən şairin Azərbaycanda tapılan "Divan"ının çapının ədəbi əlaqələrimizə töhfə olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, görkəmli türkmən şairi M.Fəraqinin xatirəsi ölkəmizdə əziz tutulur və onunla bağlı silsilə tədbirlər keçirilir.

Türkmənistanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Batır Recepev Azərbaycan-Türkmənistan əlaqələrinin əhəmiyyətindən danışıb, beynəlxalq konfransın təşkilinə görə AMEA-nın rəhbərliyinə, akademik İ.Həbibbəyliyə minnətdarlığını bildirib. Vurğulanıb ki, bu cür tədbirlər ölkələrimiz arasındakı ədəbi əlaqələrin inkişafına müsbət təsirini göstərir.

Konfransda AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin “Türk ellərinin böyük şairi Məhtimqulu Fəraqi”, filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlının “Məhtimqulu Fəraqinin poemaları” mövzularında məruzələri dinlənilib. Məruzələrdə M.Fəraqinin həyat və yaradıcılığı barədə danışılıb, şairin poemalarının ilk dəfə ölkəmizdə həm Azərbaycan, həm də türkmən dillərində nəşrə hazırlandığı qeyd edilib.

Sonra filologiya elmləri doktoru Paşa Kərimov “Oğuz türkləri ədəbiyyatının qüdrətli nümayəndəsi Məhtimqulu Fəraqi” və Ədəbiyyat İnstitutunun dissertantı Töhfə Talıbova “Məhtimqulu Fəraqinin Azərbaycanın qədim Nuxa (Şəki) şəhərində olması barədə” mövzularında çıxış ediblər.

Sonda mövzu ilə bağlı müzakirələr aparılıb.

Tədbir çərçivəsində M.Fəraqinin əsərlərindən ibarət sərgi təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.