REGİONLAR
“Məişət zorakılığının qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərinin təşkili” layihəsi başa çatıb
Bakı, 4 iyul, Xatirə Cəfərova, AZƏRTAC
“Qadın və Uşaqların Problemlərinin Araşdırılması" İctimai Birliyi (İB) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Məişət zorakılığının qarşısının alınması istiqamətində gənclərin fəaliyyətinin artırılması məqsədilə maarifləndirmə tədbirlərinin təşkili" layihəsi başa çatıb. Layihə çərçivəsində Şirvan, Hacıqabul, Şamaxı, İsmayıllı, Bərdə və Mingəçevirdə gənclər arasında seminarlar keçirilib.
Bu barədə AZƏRTAC-a məlumat verən İB-nin sədri Kəmalə Məmmədova bildirib ki, məişət zorakılığı Azərbaycan cəmiyyəti üçün hazırda xarakterik olan problemlərdən biri kimi qalmaqdadır.
"Nəinki Azərbaycan, eləcə də bu gün inkişaf etmiş bir sıra dövlətlərdə məişət zorakılığı əleyhinə ciddi mübarizə aparılır. Ölkəmizdə "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanununun qəbul olunması bu sahədə dövlət səviyyəsində atılan mühüm bir addım idi. Qanunda məişət zəminində fiziki, psixi, iqtisadi, cinsi zorakılıq halları, zərərçəkmişlərə yardım mərkəzi və bir çox hüquqi məsələlər ətraflı, aydın şəkildə göstərilib. Qanunun işləmə mexanizmi, gender stereotiplərinin aradan qaldırılması istiqamətində geniş auditoriyaların iştirakı ilə maarifləndirmə tədbirlərinin keçirilməsinə ciddi ehtiyac vardır. Xüsusilə də gənclərin (əsasən də qadınların) məişət zəminində baş verən zorakılıqların qurbanı olması onların bu sahədə daha çox maariflənməsinə zəmin yaradır",-deyə K.Məmmədova qeyd edib.
Tədbirlərə bütün yaş kateqoriyalarından olan gənclər cəlb edilib, məişət zorakılığına aid maarifləndirici bukletlər çap olunub, paylanılıb, gənclər tərəfindən irəli sürülən təkliflər dinlənilib, ehtiyac olduğu halda yerlərdə hüquqi və psixoloji yardımlar göstərilib.