SİYASƏT


Meksika universitetində Azərbaycan ilə bağlı təqdimat keçirilib

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

Meksikanın ən böyük və qabaqcıl ali təhsil ocağı olan Meksika Milli Muxtar Universitetinin Acatlan Ali Araşdırmalar Mərkəzində Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən Azərbaycan ilə bağlı təqdimat keçirilib.

Amerika qitəsinin ilk təhsil ocağı kimi 1584-cü ildə təməli qoyulan bu universitetdə ümumilikdə 337 min tələbə təhsil alır, 30 min müəllim və professor heyəti çalışır. BMT günü münasibətilə həmin universitetdə təşkil olunan və səfirliyin dəvət olunduğu bu tədbirdə iki yüzdən artıq tələbə və müəllim iştirak edib.

Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə əvvəlcə Azərbaycan ilə bağlı videoçarx nümayiş etdirilib. Videoçarxda xalqımızın tarixi, mədəniyyəti, həyat tərzi, kulinariyası və müstəqillik dövründə əldə olunmuş nailiyyətləri barədə ətraflı məlumat verilib.

Çıxış edən səfirliyin müvəqqəti işlər vəkili Mehriban Səmədova Şərqin ilk demokratik respublikasının 1918-ci ildə Azərbaycanda qurulduğunu və ölkə ərazisində yaşayan bütün millətlərin zəruri demokratik təsisatlarla təmin edildiyini, lakin bir sıra daxili və xarici faktorların təsiri nəticəsində iki ildən sonra sovet ordusu tərəfindən işğal edilərək Sovet İttifaqının tərkibinə qatıldığını bildirib. O, Azərbaycan xalqının bu tarixi imkanı 1991-ci ildə yenidən əldə etdiyini və müstəqilliyə gedən yolun hamar olmadığını bildirib. Diplomat müstəqilliyimizin dünya birliyi ölkələri, həmçinin beynəlxalq təşkilatlar tərəfindən tanındığını, iki il sonra xarici təcavüzkar və separatçı qüvvələrin fəaliyyəti nəticəsində Azərbaycanın müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üz-üzə qaldığını, yalnız böyük siyasi təcrübəyə malik Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu təhlükənin aradan qalxdığını bildirib.

Müstəqillik dövründə Azərbaycanda baş vermiş köklü dəyişikliklər barədə danışan M.Səmədova bu gün ölkəmizin dünyanın ən dinamik inkişaf edən ölkələrindən biri olduğunu deyib. Bu, ulu öndər Heydər Əliyev tərəfindən neft kapitalının Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi üçün istifadə edilməsi strategiyasının düzgün seçilməsinin parlaq təzahürüdür. O, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin inşası, eyni zamanda, digər iri layihələrin həyata keçirilməsi ilə Azərbaycanda iqtisadi inkişaf dövrünün başlandığını qeyd edib. Bu inkişafın iqtisadiyyatın bütün sahələrini əhatə etdiyini nəzərə çatdırıb. M.Səmədova ölkəmizdə paralel olaraq təhsil, səhiyyə, mədəniyyət, elm və idman sahələrində də islahatların aparıldığını deyib.

Müvəqqəti işlər vəkili bununla yanaşı, ölkədə geniş infrastruktur layihələrinin həyata keçirildiyi və bölgələrin inkişafına xüsusi diqqət yetirildiyini diqqətə çatdırıb. Eyni zamanda, M.Səmədova ölkəmizdə müxtəlif sahələrdə mütəmadi olaraq keçirilən beynəlxalq səviyyəli tədbirlərdən və idman yarışlarından bəhs edib.

Azərbaycandakı multikulturalizm ənənələri barədə məlumat verən diplomat onu da qeyd edib ki, dünyanın bir çox ölkələrində islamofobiyanın, dini dözümsüzlüyün geniş vüsət aldığı bir vaxtda Azərbaycan uzun illər boyu qoruyub saxladığı qonaqpərvərliyi, təhlükəsizliyi ilə seçilir. Azərbaycanda bütün millətlərin nümayəndələri əmin-amanlıq şəraitində yaşayırlar, bütün dinlərin nümayəndələrinə ehtiramla yanaşılır. Multikulturalizmin Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildiyini deyən M.Səmədova bildirib ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ümummilli Liderin əvəzsiz xidmətlərindən bəhs edən müvəqqəti işlər vəkili ulu öndər Heydər Əliyevin biliyini, təcrübəsini, bacarığını, istedadını Vətəninin inkişafına, xalqının firavanlığına sərf etdiyini qeyd edib. O, müxtəlif illərdə dövlətçiliyimiz üçün təhlükələr yarandığı vaxtlarda ulu öndər Heydər Əliyevin çağırışı ilə 100 minlərlə insanın meydanlara axışaraq ona və dövlətçiliyimizə dəstək olmasından bəhs edib.

Səfirliyin ikinci katibi Günel Nağıyeva Azərbaycanın turizm imkanları, xalqımızın mədəniyyəti, milli kulinariyası, ölkəmizin əldə etdiyi iqtisadi nailiyyətləri barədə ətraflı danışıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və qabaqcıl dünya təcrübəsi kimi öz layiqli qiymətini alan “ASAN xidmət”, uzun illərdir uğurla fəaliyyət göstərən “bir pəncərə” və digər qabaqcıl xidmətlər barədə ətraflı məlumat verib. O, Azərbaycanın istehsal etdiyi məhsulların ixrac imkanlarının stimullaşdırılması məqsədilə “Made in Azerbaijan” adlı brendin yaradılması barədə danışıb.

Sonra Meksika-Azərbaycan münasibətləri, ölkəmizdə qeyri-neft sektorunun inkişafı barədə tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.