SİYASƏT


Meksikada 28 May – Respublika Günü təntənəli şəkildə qeyd edilib VİDEO

Vaşinqton, 26 may, AZƏRTAC

Mexiko şəhərində Azərbaycanın Meksikadakı səfirliyinin binasında 28 May - Respublika Günü və Azərbaycan ilə Meksika arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə qəbul təşkil olunub.

Tədbirdə Meksika hökumətinin nümayəndələri, senator və deputatlar ofislərinin təmsilçiləri, mədəniyyət və din xadimləri, işgüzar, elmi-akademik dairələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri, diplomatik korpusun çoxsaylı üzvləri, Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Çıxış edən Meksikadakı səfirliyimizin müvəqqəti işlər vəkili Məmməd Talıbov Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımız üçün və ümumiyyətlə dünya tarixində önəmli bir hadisə olduğunu deyib. O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti proqressiv və qabaqcıl düşüncə nümayiş etdirib, vətəndaşlarına, o cümlədən qadınlara bərabər hüquqları təmin edib.

Diplomat 26 il əvvəl müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının qarşılaşdığı çoxsaylı çətinliklərə baxmayaraq, bu gün regionun liderinə, güclü və uğurlu dövlətə çevrildiyini diqqətə çatdırıb.

O, Azərbaycanın öz tolerantlığı ilə tanındığını və müxtəlif mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkilik ilə üzləşmədən əsrlərboyu burada birgə yaşadığını bildirib. Azərbaycanın mədəniyyətlərarası dialoqa və multikulturalizmə verdiyi töhfədən danışan Məmməd Talıbov bu sahədə ölkəmizdə uğurla keçirilən dünya miqyaslı tədbirlərdən söz açıb, Azərbaycanın sivilizasiyalararası və dinlərarası dialoqun mərkəzinə çevrildiyini diqqətə çatdırıb. Diplomat dünyada ekstremizm, millətçilik və bu kimi digər xoşagəlməz təzahürlərin baş qaldırdığı bir dövrdə Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən bu mühüm tədbirlərin önəminin daha da artdığını söyləyib.

O, həmçinin Azərbaycanın və bilavasitə ölkəmizin rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilmiş irimiqyaslı iqtisadi layihələrdən danışıb, növbəti dünya miqyaslı layihə olan Cənub Qaz Dəhlizi barədə ətraflı məlumat verib. Məmməd Talıbov uğurla həyata keçirilən bu layihənin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcəyini söyləyib.

Azərbaycanın regional tranzit mərkəzinə çevrildiyini bildirən diplomat Avropa və Asiya arasında ən qısa yol olacaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin yaxın zamanlarda reallığa çevriləcəyini deyib.

Məmməd Talıbov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionun təhlükəsizliyinə ən böyük təhdid olaraq qaldığını vurğulayıb, Azərbaycan ərazilərinin 20 faizinin indiyədək işğal altında olduğunu qeyd edib və münaqişənin tezliklə beynəlxalq hüququn, o cümlədən BMT Təhlükəsizlik Şurasının və digər qurumların münaqişə ilə bağlı qətnamələrinə əsasən həll olunacağına ümid etdiyini vurğulayıb.

M.Talıbov bu il Azərbaycan ilə Meksika arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünün qeyd edildiyini deyib. Bildirib ki, hər iki ölkə öz regionunda mühüm rola malikdir. Diplomat ölkələrimiz arasında enerji, ticarət, turizm, mədəniyyət və s. sahələrdə böyük əməkdaşlıq potensialının olduğunu qeyd edib. O, iki il əvvəl Meksikanın Bakıda səfirliyinin fəaliyyətə başladığını məmnuniyyətlə xatırladıb, 2016-cı ildə iki ölkə arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsinin keçirildiyini bildirib.

Sonda qonaqlara Azərbaycan milli mətbəxinin ləziz təamlarından ibarət süfrə təqdim olunub, ölkəmiz haqqında videomateriallar nümayiş etdirilib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.