SİYASƏT
Meksikada Azərbaycan Xalq Cümhuriyyətinin dünyanın dövlətçilik və demokratiya tarixinə töhfələrindən danışılıb
Bakı, 29 may, AZƏRTAC
Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən 28 May-Respublika günü münasibətilə rəsmi qəbul təşkil olunub.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Meksika Senatı və Deputatlar Palatasının rəhbər heyəti, XİN və digər dövlət qurumlarının, Mexikoda akkreditə edilmiş diplomatik nümayəndəliklərin təmsilçiləri, ölkə ictimaiyyətinin tanınmış nümayəndələri, burada yaşayan yəhudi icmasının üzvləri, media nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.
Səfir İlqar Muxtarov Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən və onun Şərqin ilk demokratik respublikası olaraq dünyanın dövlətçilik və demokratiya tarixinə töhfələrindən, ölkəmizin Sovet hakimiyyəti illərində əldə etdiyi nailiyyətlərdən, azərbaycanlıların Böyük Vətən müharibəsində qələbənin qazanılmasındakı xidmətlərindən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və bu işğal aktının mənfi fəsadlarından danışıb. O, həmçinin Azərbaycanın müstəqilliyinin bərpası və ölkəmizdə müasir dövlət quruculuğu yolunda aparılmış uğurlu demokratik və sosial-iqtisadi islahatlardan, ölkəmizin qazandığı iqtisadi nailiyyətlərdən, müstəqil enerji siyasətindən və Avropanın enerji təhlükəsizliyinə töhfələrindən, habelə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal əhəmiyyətli enerji, nəqliyyat və infrastruktur layihələrindən geniş söhbət açıb.
Daha sonra tədbirdə Azərbaycanın son illərdə qazandığı nailiyyətlərdən bəhs edən video təqdimat nümayiş olunub.
Tədbirdə, həmçinin cari ilin aprelində Meksikanın Mexiko, Puebla, Tixuana, Mexikali, Ensenada şəhərləri üzrə “ANAHUAC SUR” , ”ANAHUAC NORTE”, “IBERO”, “ITAM”, ”UDLA”, “CETYS - Mexicali”, “CETYS – Tijuana”, “CETYS – Ensenada”, “UTEL” universitetlərinin tələbələri arasında “Mən Azərbaycan haqqında nə bilirəm” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərinə səfirliyin diplomları təqdim edilib.
Rəsmi qəbulda ölkəmizin müasir və tarixi mənzərəsini əks etdirən fotoşəkillər sərgilənib, Azərbaycanın milli mətbəxt nümunələrindən ibarət ziyafət verilib.