İDMAN


Meksikada IV İslam Həmrəyliyi Oyunlarının açılışına həsr olunmuş mərasim keçirilib

Vaşinqton, 12 may, AZƏRTAC 

Mayın 12-də Azərbaycanın Meksikadakı səfirliyində Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının açılışına həsr olunmuş ziyafət verilib.

Tədbirdə Meksikada İslam Əməkdaşlığı Təşkilatı (İƏT) üzv dövlətlərinin nümayəndələri, o cümlədən İndoneziyanın, Əlcəzairin, İranın, Liviyanın, Malayziyanın, Pakistanın, Fələstinin, Misirin səfirləri, İraqın, Türkiyənin, Küveytin, BƏƏ-nin səfirliklərinin müvəqqəti işlər vəkilləri, bir sıra digər ölkələrin təmsilçiləri iştirak edib. Həmçinin tədbirə Meksika Xarici İşlər Nazirliyinin Balkan, Qafqaz, Mərkəzi və Şərqi Avropa ölkələri idarəsinin rəisi Xose Federiko Bass-Villareal də qatılıb.

Əvvəlcə IV İslam Həmrəyliyi Oyunları barədə məlumat verən videoçarxlar nümayiş etdirilib.

Mərasimdə çıxış edən Azərbaycanın Meksikadakı səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsinin Azərbaycanın həyatında mühüm və şərəfli bir hadisə olduğunu bildirib, bunun, eyni zamanda, İslam dünyasının Azərbaycana münasibətdə etibar və rəğbətinin göstəricisi olduğunu söyləyib. O, Bakının bu möhtəşəm idman hadisəsini qəbul etməyə tam hazır olduğunu bildirib, hazırlıq işlərinin böyük uğurla başa çatmasında Oyunların Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna rolunu qeyd edib. Diplomat Oyunlarda 54 ölkəni təmsil edən 3 mindən çox idmançının müxtəlif idman növlərində yarışacağını və bu rəqəmlərin Oyunlar tarixində rekord olduğunu qeyd edib.

O, Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə malik olduğunu, müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin böyük nailiyyətlərə imza atdığını, bütün sahələrdə dinamik inkişafa nail olduğunu və beynəlxalq arenada öz layiqli yerini tutduğunu diqqətə çatdırıb. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunduğunu deyən diplomat bunun İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verən mühüm təşəbbüs olduğunu qeyd edib.

Azərbaycandakı tolerantlıq ənənələrindən danışan Məmməd Talıbov müxtəlif mədəniyyətlərin, millətlərin nümayəndələrinin ölkəmizdə heç bir ayrı-seçkiliklə üzləşmədiklərini, əsrlərboyu burada birgə yaşadıqlarını vurğulayıb.

İslam dünyasının üzləşdiyi problemlərdən danışan diplomat Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal altında saxlanıldığını deyib. O, İƏT üzv-dövlətlərinə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərinə və bu məsələdə göstərdikləri ədalətli mövqelərinə görə təşəkkürünü bildirib.

Sonra çıxış edən Mexikoda İslam Əməkdaşlığı Təşkilatı qrupunun səfirlər və diplomatik missiya rəhbərləri şurasının sədri, Misirin Meksikada səfiri Yasir Şaban çıxış edərək bu tədbirin təşkil olunmasına görə bütün İƏT üzv dövlətlərinin Meksikadakı səfirləri adından Azərbaycan tərəfinə təşəkkürünü bildirib, ölkəmizin qısa müddət ərzində İƏT-in çox nüfuzlu və fəal üzvünə çevrildiyini və Bakının IV İslam Həmrəyliyi Oyunlarını qəbul etməsinin bunun daha bir sübutu olduğunu vurğulayıb. Misirli səfir bütün bu uğurların Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətin nəticəsində qazanıldığını qeyd edib.

Sonda Azərbaycan milli mətbəxinin ləziz təamlarından ibarət ziyafət verilib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.