CƏMİYYƏT


Meksikada biomüxtəlifliklə bağlı konfrans öz işinə başlayıb

Bakı, 3 dekabr, AZƏRTAC

Meksikada bioloji müxtəliflik haqqında Konvensiya tərəflərinin konfransı öz işinə başlayıb.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, yaxın iki həftə ərzində konfrans iştirakçıları kənd, meşə və balıqçılıq təsərrüfatının inkişaf strategiyası fonunda flora və fauna növlərinin itkisinin qarşısının alınması məsələlərini müzakirə edəcəklər.

BMT-nin baş katibi Pan Gi Mun konfrans ərəfəsində vurğulayıb ki, biomüxtəliflik insanların rifahında və davamlı inkişaf işində mühüm rol oynayır. "Biomüxtəlifliyin qorunması bizim ümumi gələcəyimiz üçün çox mühüm investisiyadır”, - deyə Pan Gi Mun bəyan edib.

Yer üzündə biomüxtəliflik bugünkü və gələcək nəsillərin rifahı və iqtisadi inkişaf üçün mühüm əhəmiyyətə malikdir. Məsələn, mərcan riflərinin qlobal faydası ildə 30 milyard dollar qiymətləndirilir, beynəlxalq ticarətdə isə dərman bitkiləri ildə 60 milyard dollar gəlir gətirir. Bununla yanaşı, son illər biomüxtəlifliyin sürətlə itirilməsi müşahidə olunur ki, bu da Yer üzündə həyatı saxlayan biosferin qabiliyyətini ciddi şəkildə pozur.

Ekspertlər güman edirlər ki, insanların fəaliyyəti nəticəsində ətraf mühitin çirklənməsi, yaşayış məntəqələrinin genişləndirilməsi, növlərin həddindən artıq istismarı və iqlim dəyişiklikləri biomüxtəlifliyin azalmasına səbəb olan əsas amillərdir. Məsələn, kənd təsərrüfatı torpaqlarının 40 faizi 2050-ci ildə itiriləcək. Halbuki 2030-ci ilədək dünya əhalisini qida ilə təmin etmək üçün kənd təsərrüfatı istehsalını 50 faiz artırmaq lazımdır.

Konfransda dəniz və sahilyanı ərazilərin biomüxtəlifliyi də müzakirə mövzusu olacaq. Hesablamalara görə, mühüm dəniz ekosistemləri - sualtı çəmənlər, kolluqlar və mərcan rifləri 30 faizdən 35 faizədək dağıdılıb.

Bioloji müxtəliflik haqqında Konvensiya BMT-nin 1992-ci ildə Rio-De-Janeyroda ətraf mühit və davamlı inkişaf üzrə dünya sammitində hazırlanıb. Konvensiyanı 196 ölkə ratifikasiya edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.