MƏDƏNİYYƏT
Meksikada keçirilən beynəlxalq yarmarkada Azərbaycan da təmsil olunur
Bakı, 22 oktyabr, AZƏRTAC
Meksika ştatının Atizapan de Zaraqoza bələdiyyəsində “Qastronomiya və sənətkarlıq nümunələri” beynəlxalq yarmarkası keçirilir. Bu barədə AZƏRTAC-a Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.
Oktyabrın 11-də başlayan yarmarkanın məqsədi Meksikada akkreditə olunmuş diplomatik nümayəndəliklər tərəfindən öz ölkələrinin mədəniyyətinin təbliği, mədəni dəyərlərin paylaşılması, yerli xalqların və dünya xalqlarının mədəniyyətlərinin birgə mövcudluğu və rəngarəngliyinin nümayiş etdirilməsidir. Dünyanın 28 ölkəsindən və Meksikanın müxtəlif ştatlarından nümayəndələrin qatıldıqları bu beynəlxalq yarmarkada iştirakçı ölkələrin milli mətbəx və sənətkarlıq nümunələri təqdim olunur.
Yarmarka çoxşaxəli olduğu üçün ayrılmış ərazidə eyni zamanda konsert və müxtəlif əyləncə tədbirləri də keçirilir. Meksikada bundan əvvəl keçirilmiş yarmarkalar zamanı Azərbaycan mətbəxi nümunələrinin ziyarətçilər arasında xüsusi maraq doğurduğunu və bu qəbildən olan tədbirlərin tarix və kulinariya mədəniyyətimizin ölkəmizdən çox-çox uzaqlarda təbliği baxımından böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Azərbaycanın Meksikadakı səfirliyi də bu yarmarkada təmsil olunur. Azərbaycan üçün ayrılmış ərazidə ziyarətçilərə milli mətbəx nümunələrimiz və şirniyyatımız təqdim edilir, həmçinin ölkəmiz haqqında məlumat verilir və broşürlər paylanılır. Oktyabrın 23-dək davam edəcək yarmarkanı ziyarətə gələn şəhər sakinləri tərəfindən Azərbaycan üçün ayrılmış əraziyə böyük maraq göstərilir.