QAN YADDAŞI
Meksikanın “Mundo Internacional” jurnalında Xocalı soyqırımı ilə bağlı məqalə dərc olunub
Bakı, 15 aprel, AZƏRTAC
Meksikanın “Mundo Internacional” jurnalının növbəti buraxılışında Xocalı soyqırımı ilə bağlı məqalə dərc olunub.
Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Meksika Konqresi Deputatlar Palatasının üzvü, Palatanın İdarə Şurasının katibi xanım Maqdalena del Sokorro Nunyezin təşkilatçılığı ilə Deputatlar Palatasında keçirilmiş “İnsan oğurluğu və soyqırımı əleyhinə beynəlxalq gündəm” tədbiri çərçivəsində səfir İlqar Muxtarov tərəfindən “Xocalı soyqırımı hadisəsi” adlı konfransın təqdim edilməsindən bəhs olunur.
Məqalədə Meksika Sülh, Ədalət və Ətraf Mühit Birgə Fondunun baş direktoru, sülh təbliğatçısı və hüquq müdafiəçisi Alfredo Roxas Dias Duranın tədbirin əsas məqsədi barədə iştirakçılara məlumat verdiyi, həmçinin Ukraynanın Meksikadakı səfiri Ruslan Spirinin mövzu ilə əlaqədar məruzə etdiyi bildirilir.
Yazıda İ.Muxtarovun konfransda Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi və münaqişə zamanı Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklər, xüsusilə də 1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı törədilmiş cinayətlər və Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətlər haqqında məlumat verdiyi diqqətə çatdırılır.