ELM VƏ TƏHSİL
Məktəb direktorları XI sinif şagirdləri üçün keçiriləcək monitorinq imtahanları barədə məlumatlandırılıblar
Bakı, 18 may, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları ilə görüş keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, bu qurumun təşkilatçılığı ilə keçirilən görüşün əsas məqsədi Bakı şəhəri ümumi təhsil müəssisələrinin XI sinif şagirdləri üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə keçiriləcək monitorinq imtahanları barədə müəssisə rəhbərlərini geniş məlumatlandırmaq olub.
BŞTİ-nin və Dövlət İmtahan Mərkəzinin nümayəndələrinin də iştirak etdikləri görüşdə monitorinq imtahanları, imtahan zallarının hazırlanması, nəzarətçilərin siyahısının tərtibatı, imtahan günü görüləcək digər işlər ətrafında müzakirələr aparılıb, məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.
Sonra təhsil müəssisələrinin rəhbərlərini maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Bakı şəhərində monitorinq imtahanları mayın 23-də keçiriləcək. Riyaziyyat fənni üzrə test tapşırıqlarının cavablandırılmasına bir saat, Azərbaycan dili fənni üzrə isə 45 dəqiqə vaxt ayrılacaq. Şagirdlərə hər bir fənn üzrə 30 test tapşırığı təqdim olunacaq.