ELM VƏ TƏHSİL
Məktəb-liseyin direktoru: 1993-cü ilin iyun ayında ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub
Bakı, 12 iyun, AZƏRTAC
Bakının Səbail rayonundakı 6 saylı məktəb-liseydə Milli Qurtuluş Günü münasibətilə şagirdlərin təşkilatçılığı ilə konfrans keçirilib.
Səbail Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Milli Qurtuluş Gününə həsr olunmuş “Tarixin şanlı səhifələri” adlı film nümayiş olunub. Sonra məktəb-liseyin direktoru, Əməkdar Müəllim Gülşən Orucova Milli Qurtuluş Gününün tarixindən danışıb. Qeyd olunub ki, 1993-cü ilin iyun ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub.
Məktəbin tarix müəllimi Elmin İmanov Milli Qurtuluş Günü ilə bağlı geniş məruzə ilə çıxış edib.
Konfransda çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, məhz həmin dövrdə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan böyük siyasətçi Heydər Əliyev sözün əsl mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin edib. Böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürən Ulu Öndərin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyulub, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas edilib. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olunub, əmin-amanlıq, siyasi sabitlik yaranıb. Ulu öndər Heydər Əliyevdən sonra bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirərək Azərbaycanın daha qüdrətlənməsini təmin edib.
Sonda məktəbin pedaqoji kollektivi və şagirdləri adından dövlətimizin başçısına müraciət qəbul edilib. Müraciətdə məktəblilər Azərbaycandakı inkişaf və tərəqqiyə, sabitliyə görə Prezident İlham Əliyev ilə fəxr etdiklərini bildiriblər.