CƏMİYYƏT


“Məktəb müşavirləri xidməti” pilot layihəsi üzrə qeydiyyat davam edir

A+ A

Bakı, 29 avqust, AZƏRTAC 

Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təhsilin idarəedilməsinin təkmilləşdirilməsi, valideynlərin ümumi təhsil müəssisələrinin həyatında daha yaxından iştirakı məqsədilə “Məktəb müşavirləri xidməti” pilot layihəsi həyata keçirilir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, pilot layihə üzrə qeydiyyat davam edir. Məktəb müşavirlərinin ilkin seçim mərhələsi “ASAN xidmət”də həyata keçiriləcək.

İlkin mərhələdə namizədlərin bilikləri test şəklində yoxlanılacaq, seçilən namizədlər müsahibə mərhələsinə buraxılacaqlar. Seçimlərdə ictimai fəaliyyətdə fəal iştirak edən, könüllü kimi müxtəlif proqramlarda çalışan, xarici dil biliklərinə yiyələnən namizədlərə üstünlük veriləcək. Müsahibədən uğurla keçən namizədlər təlimə cəlb olunacaqlar. Təlimin sonunda qiymətləndirmə nəticələrinə əsasən seçilmiş namizədlər məktəb müşavirləri təyin ediləcəklər.

Məktəb müşavirinin əsas vəzifələri müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılması olacaq. Bununla yanaşı, məktəb müşavirləri hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak etməlidirlər.

Layihə ilk mərhələdə Bakı şəhərindəki 30 ümumtəhsil müəssisəsində həyata keçiriləcək. Gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

“Məktəb müşavirləri xidməti” pilot layihəsində iştirak etmək üçün aşağıdakı müraciət anketi vasitəsilə qeydiyyatdan keçmək olar: http://goo.gl/Ambd4d 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.