ELM VƏ TƏHSİL


Məktəb seminarları başa çatıb

Bakı, 8 iyul, AZƏRTAC

Paytaxt məktəblərində “Məktəb seminarları: ilin yekunları və perspektivlər” mövzusunda keçirilən “dəyirmi masa”lar yekunlaşıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “dəyirmi masa”lar paytaxtın 12 inzibati rayonu üzrə bütün məktəbləri əhatə edib. BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, sonuncu “dəyirmi masa”lar Suraxanı, Xəzər və Pirallahı rayonlarının ümumtəhsil müəssisələri üzrə keçirilib.

“Dəyirmi masa”larda BŞTİ-nin struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri iştirak ediblər.

Qruplar şəklində ayrı-ayrılıqda təşkil olunan “dəyirmi masa”larda tədrisin təşkili, istedadlı uşaqlarla iş, karyera inkişafı, şagird nailiyyətlərinin izlənilməsi, məktəbdaxili qiymətləndirmə, davamiyyət, şagirdlərin yerdəyişməsi, müəllimlərin peşəkar inkişafı, məktəbdənkənar fəaliyyətlərin düzgün planlaşdırılması, 2016-2017-ci tədris ilində tətbiq olunan layihələr, məktəblərin vahid pedaqoji elektron nəşrlərinin hazırlanması, məktəb saytlarının təkmilləşdirilməsi, ictimaiyyətlə əlaqələr işinin səmərəliliyinin artırılması və digər mövzular ətrafında müzakirələr aparılıb. Bundan başqa, məktəblərdə metodiki işin, psixoloji xidmətin və kitabxanalarının fəaliyyətinin təşkili istiqamətində fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Məktəb direktorları üçün keçirilən “dəyirmi masa”da çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva 2016-2017-ci tədris ilinin yekunları və növbəti dərs ilində qarşıda duran vəzifələr barədə fikirlərini bildirib, məktəblər tərəfindən illik fəaliyyət planının müstəqil şəkildə hazırlanmasının vacibliyi, şagirdlərin şəxsiyyət kimi formalaşdırılması, qiymətləndirmə, dərsə davamiyyətin tənzimlənməsi, təlim-tərbiyə prosesinin keyfiyyəti, təhsildə dəyərlər amili, məktəbəhazırlıq qruplarının təşkili barədə danışıb. Həmçinin müəllimlərin dərs yükü, təmayülləşmə, müəllim-şagird-valideyn münasibətlərinin vəziyyəti, təhsil müəssisələrinin idarəedilməsi işinin təkmilləşdirilməsi, yeni layihələrin icrası, məktəblərin ictimai nüfuzunun artırılması, Təlimə Dəstək Mərkəzinin fəaliyyətinin genişləndirilməsi və digər məsələlərə toxunub.

Məktəb direktorları qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələrini səsləndiriblər.

“Məktəb seminarları” layihəsinin məqsədi təhsildəki keyfiyyət artımının daha da dayanıqlı olması, “keyfiyyətli təhsil vermək”, “xoşbəxt şagird - keyfiyyətin ən vacib göstəricisi” kimi amilləri əsas götürməklə, səmərəli məktəb ideyasının bir dəyərə, ənənəyə çevrilməsini təmin etməkdir.

“Məktəb seminarları” təhsildə uğurlu nəticələr əldə edən məktəblərin nailiyyətlərinin müzakirəsi və idarəetmə istiqamətində mövcud olan uğurlu təcrübənin bölüşdürülməsi məqsədilə həyata keçirilən tədbirlərin davamıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.