ELM VƏ TƏHSİL
Məktəb seminarlarına başlanılıb
Bakı, 4 iyul, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Məktəb seminarları: İlin yekunları və perspektivlər” mövzusunda “dəyirmi masa”lara start verilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, ilk “dəyirmi masa”lar Səbail və Qaradağ rayonlarının ümumi təhsil müəssisələri üzrə keçirilib.
Qruplar şəkilində ayrı-ayrılıqda təşkil olunan “dəyirmi masa”larda şagird nailiyyətlərinin izlənilməsi, məktəbdaxili qiymətləndirmə, davamiyyət, şagirdlərin yerdəyişməsi, müəllimlərin peşəkar inkişafı, məktəbdənkənar fəaliyyətlərin düzgün planlaşdırılması, 2016-2017-ci tədris ilində tətbiq olunan layihələr və digər mövzular ətrafında müzakirələr aparılıb. Məktəblərdə metodiki işin, psixoloji xidmətin və kitabxanalarının fəaliyyətinin təşkili istiqamətində fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.
Məktəb direktorları üçün keçirilən “dəyirmi masa”da çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva şagirdlərin qiymətləndirilməsi, dərsə davamiyyətinin tənzimlənməsi, təlim-tərbiyə prosesinin keyfiyyəti barədə danışıb. O, həmçinin müəllimlərin dərs yükü, təmayülləşmə, müəllim-şagird-valideyn münasibətlərinin vəziyyəti, təhsil müəssisələrinin idarəedilməsi işinin təkmilləşdirilməsi, yeni layihələrin icrası, məktəblərin ictimai nüfuzunun artırılması və digər məsələlərə toxunub.
Sonra müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, paytaxtın ümumi təhsil məktəblərini əhatə edən “Məktəb seminarları” layihəsinin ikinci ilində məqsəd təhsildəki keyfiyyət artımının daha da dayanıqlı olması, “keyfiyyətli təhsil vermə”, “xoşbəxt şagird - keyfiyyətin ən vacib göstəricisi” kimi amilləri əsas götürməklə səmərəli məktəb ideyasının bir dəyərə, ənənəyə çevrilməsini təmin etməkdir.