REGİONLAR
Məktəbdə maarifləndirici tədbir: Fövqəladə hallar zamanı nə etməli?
Beyləqan, 22 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzi tərəfindən Beyləqan şəhər 4 nömrəli tam orta məktəbdə “Fövqəladə hallar zamanı nə etməli” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, məktəbin müəllim-şagird kollektivinin, texniki işçilərin, Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin və rayon təhsil şöbəsinin nümayəndələrinin iştirak etdiyi tədbirin keçirilməsində məqsəd şagirdləri fövqəladə hallar sahəsində maarifləndirmək, onlara fövqəladə hadisələr zamanı düzgün davranma qaydalarını aşılamaq olub.
Mərkəzin əməkdaşları iştirakçılara FHN və Qarabağ Regional Mərkəzinin strukturu, fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Fövqəladə hallar, onun növləri, fövqəladə hallar zamanı davranış qaydaları, mülki müdafiə, ilkin tibbi yardım anlayışları barədə söhbətlər aparılıb.
Tədbirdə “Payız-qış mövsümündə baş verə biləcək fövqəladə hallar”, “Yanğın təhlükəsizliyi qaydalarına riayət edək”, “Hansı hallarda 101 və 112 Xidmətlərinə müraciət edilməlidir” mövzularında çıxışlar dinlənilib. Tailand istehsalı olan avtomatik yanğınsöndürmə topu və FHN-nin hazırladığı “Dəm qazı və ya arzuolunmaz qonaq” adlı video-çarx nümayiş olunub.
Şagirdlərin yanğın və texniki təhlükəsizlik qaydaları ilə daha yaxından tanış olmaları məqsədilə məktəbə təbliğat vasitələri təqdim olunub. İştirakçılara mövzu ilə bağlı xəbərdarlıq vərəqələri və broşürlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.