ELM VƏ TƏHSİL
Məktəbdə psixoloji xidmətin təşkili vacib məsələlərdəndir
Bakı, 24 aprel, AZƏRTAC
Aprel ayından başlayaraq Təlimə Dəstək Mərkəzində paytaxtın ümumi təhsil məktəblərinin psixoloqları ilə görüşlər keçirilir. Görüşlərin keçirilməsinin məqsəd məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltməkdən ibarətdir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə məktəb psixoloqlarının fəaliyyəti zamanı qarşılaşdıqları problemlərdən danışılıb, müzakirələr aparılıb.
Bakının Nizami, Səbail, Nəsimi, Nərimanov və Suraxanı rayonları üzrə keçirilən görüşlərdə Təlimə Dəstək Mərkəzinin metodistləri Elşad Səfixanov və Səidə Əhmədova “Məktəbdə psixoloji xidmətin təşkili” mövzusunda təqdimatla çıxış ediblər.
Psixoloqlara uşaqların təlim-tərbiyəsi problemləri və psixoloji xidmət sahəsində yaranan yeniliklərlə bağlı məktəb rəhbərliyi, müəllim, valideyn və tərbiyəçilərin maarifləndirilməsi istiqamətində təlimlərin təşkili, maarifləndirici-profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq tövsiyələr verilib.
Sonda psixoloqlar onlara təqdim olunan anket sorğularını cavablandırıblar.