CƏMİYYƏT


Məktəbəhazırlıq kursları sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsil imkanlarını artıracaq

A+ A

Bakı, 12 avqust, AZƏRTAC

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin (İB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsil imkanlarının artırılması üçün icma tipli qısamüddətli məktəbəhazırlıq kurslarının təşkili” layihəsi çərçivəsində məktəbəhazırlıq kurslarına cəlb olunmuş uşaqların valideynləri ilə maarifləndirmə xarakterli görüş keçirilib.

Bu barədə AZƏRTAC-a “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İB-nin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, İB-nin sədri Ramilə Rasimqızı tədbir iştirakçılarına rəhbərlik etdiyi layihənin məqsəd və vəzifələrindən danışıb. O, layihə çərçivəsində Xırdalan şəhərində icma tipli qısamüddətli məktəbəhazırlıq kursunun təşkil olunduğunu, “Azimut” Tədris Mərkəzinin və təşkilatın xidmət mərkəzi olan Abşeron Reabilitasiya və Nitq İnkişafı Mərkəzinin peşəkar mütəxəssisləri tərəfindən yeni tədris ilindən etibarən məktəbə gedəcək bu qəbildən olan uşaqların fiziki, şəxsiyyətyönümlü, intellektual, sosial və psixoloji hazırlığının aparıldığını, bundan əlavə, nitqi problemli uşaqların tələffüzünün qaydaya düşməsi üçün onlara loqopedik xidmətlərin göstərildiyini diqqətə çatdırıb.

Təqdirəlayiq hal kimi vurğulanıb ki, təhsil nazirinin əmrlərinə uyğun olaraq, 2016-2017-ci tədris ilindən ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq kurslarına başlanılacaq. Əmrlərə əsasən, məktəbəhazırlıq qruplarına sənəd qəbulunun avqustun 15-dən sentyabrın sonunadək aparılması nəzərdə tutulur. Yeni tədris ilindən məktəbəhazırlıq təhsilinə cəlb olunacaq 5 yaşlı uşaqların siyahısı hazırlanacaq, ərazilər üzrə məktəbəhazırlıq təhsili təşkil ediləcək, məktəblər və müəllimlər müəyyənləşdiriləcək.

Həmçinin məktəbəhazırlıq qrupları yaradılacaq ümumtəhsil məktəblərində lazımi təlim şəraitinin təmin olunması istiqamətində tədbirlər görüləcək, müəllimlər üçün təsdiq olunmuş tədris planı və proqrama uyğun öyrədici təlimlər keçiriləcək.

Tədbirdə “Azimut” Tədris Mərkəzinin direktoru Zərnişan Kazımova, psixoloq-loqoped Ləman Rəfiyeva, pedaqoq Fatma Sayadova və başqaları inklüziv təhsilin aktual problemləri və perspektivləri, habelə sağlamlıq imkanları məhdud uşaqların erkən aşkarlanması, reabilitasiyası və inklüziv təhsil imkanlarının artırılması sahəsində müasir metodlar, o cümlədən icma tipli qısamüddətli məktəbəhazırlıq kurslarının rolu barədə valideynlərə zəruri məlumatlar veriblər. Sonra valideynlərin bu barədə fikirləri öyrənilib, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına maneələr yaradan mövcud problemlərin həlli yolları birgə müzakirə edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.