ELM VƏ TƏHSİL
Məktəbəhazırlıq qrupları 2016-cı il mayın 31-dək davam edəcək
Bakı, 25 noyabr, AZƏRTAC
Noyabrın 25-də Bakıdakı 5 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qruplarının fəaliyyəti ilə tanışlıq üçün mediatur təşkil edilib. Jurnalistlərə məlumat verilib ki, təhsil nazirinin müvafiq əmrinə əsasən, 2014-2015-ci tədris ilində 87 məktəbdə məktəbəhazırlıq qrupları açılıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, 2015-2016-cı tədris ilindən bu qrupların fəaliyyət göstərdiyi məktəblərin şəbəkəsi genişləndirilib. Belə ki, hazırda 136 məktəbdə məktəbəhazırlıq qrupları vardır.
Noyabrın 2-dən fəaliyyətə başlayan məktəbəhazırlıq qrupları 2016-cı il mayın 31-dək davam edəcək. Həftədə dörd dəfə keçirilən hazırlıq məşğələlərinin əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlamaları, dərs prosesinə öncədən alışmaları və müvafiq bilikləri əldə etmələridir. Bu qruplarda uşaqların əqli, fiziki, sosial-emosional və nitq qabiliyyəti, eləcə də kommunikativ, oyun və digər bacarıqları inkişaf etdirilir. Məktəbəhazırlıq qruplarını bitirən uşaqlara sertifikat təqdim olunur.
Təhsilə atılan ilk addım kimi əhəmiyyət daşıyan məktəbəhazırlıq qruplarında təcrübəli və peşəkar ibtidai sinif müəllimlərinə üstünlük verilir.