ELM VƏ TƏHSİL
Məktəbəhazırlıq qrupları ilə bağlı öyrədici təlimlərə başlanılıb
Bakı, 24 iyul, AZƏRTAC
“Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə öyrədici təlimlərə başlanılıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, UNICEF-in maliyyə və metodik dəstəyi ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən aparılan təlimlər Ucar, Sabirabad, Zaqatala, Astara, Lənkəran və Qax rayonlarında təşkil edilib.
Ötən dərs ilində məktəbəhazırlıq qruplarında işin gedişatı institut tərəfindən monitorinq edilib, müəllimlərin üzləşdiyi metodik problemlər qeydə alınıb və onun əsasında təlim proqramı təkmilləşdirilib. Əvvəlki ildə təlimçi kimi fəaliyyət göstərmiş müəllimlərdən 59-u mart-iyun aylarında dərinləşdirilmiş proqram üzrə təlim keçib.
Təlimlərə nəzarət məqsədilə institutda monitorinq qrupu yaradılıb, “Qaynar xətt” fəaliyyətə başlayıb.
Proqram çərçivəsində müəllimlər “Məktəbəhazırlığın məqsəd və vəzifələri”, “İnkişaf və təlim standartları”, “5 yaşlı uşağın fiziologiyası, psixoloji xüsusiyyətləri, öyrənmə formaları”, “Uşağın inkişafında oyunların rolu”, “Ailələrlə əməkdaşlığın əhəmiyyəti və ünsiyyət strategiyaları”, “Perspektiv və cari planlaşdırma” və digər mövzularda praktik məşğələlərdə iştirak edəcəklər.