ELM VƏ TƏHSİL
Məktəbəhazırlıq qruplarına qəbul üçün 6 min 500-dən çox uşağın qeydiyyatı aparılıb
Bakı, 9 avqust, AZƏRTAC
Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elektron sistemdə 6579 ərizənin elektron qeydiyyatı aparılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, təhsil idarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində 2017-2018-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına uşaqların qəbulu mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.
Avqustun 1-dən başlayan elektron qeydiyyat prosesi sentyabrın 18-dək davam edəcək. Məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə avqustun 15-dən sentyabrın 20-nə kimi həyata keçiriləcək.
Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasıdır.
Növbəti tədris ilində BŞTİ-nin tabeliyindəki 266 ümumtəhsil müəssisəsində məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq. Səkkiz ay davam edən məşğələlər mayın 31-də başa çatacaq.
2017-2018-ci tədris ili üçün paytaxtın ətraf qəsəbələrində yerləşən ümumtəhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarına daha çox uşağın cəlb edilməsi planlaşdırılır. Bu, həmin qəsəbələrdə məktəbəhazırlıq üzrə göstəricilərin yüksəldilməsi, uşaqların birinci sinfə daha hazırlıqlı başlamasının təmin olunması və müvafiq məktəblərin tədris göstəricilərinin yüksəldilməsi məqsədlərinə xidmət edir.
Qeyd edək ki, 2017-2018-ci tədris ilində beşyaşlıların 65 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması nəzərdə tutulur.