ELM VƏ TƏHSİL
Məktəbəhazırlıq qruplarında çalışan 800-dən çox müəllim imtahan verib
Bakı, 16 noyabr, AZƏRTAC
Noyabrın 16-da məktəbəhazırlıq təlimlərində iştirak etmiş və hazırda məktəbəhazırlıq qruplarında məşğələ aparan müəllimlər üçün sertifikatlaşdırma imtahanı keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, imtahanda 800 nəfərdən artıq müəllim iştirak edib.
Bakı şəhəri üzrə üç mərkəzdə təşkil olunan imtahan bir saat davam edib, Xəzər, Suraxanı, Sabunçu, Pirallahı rayonları üzrə 252, Nərimanov, Xətai, Nizami rayonları üzrə 62, Binəqədi, Qaradağ, Yasamal, Nəsimi və Səbail rayonları üzrə isə 18 nömrəli tam orta məktəblərdə keçirilib.
İmtahan BŞTİ-nin təşkilatçılığı ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən aparılıb.
İmtahanın nəticələrinə görə, müəllimlərə müvafiq sertifikatlar veriləcək.