REGİONLAR
Məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkili diqqət mərkəzindədir
Naxçıvan, 1 iyul, AZƏRTAC
Məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkilinə məsul işçilərin peşəkarlıq səviyyələrinin artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində kurs təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə komitənin aparat rəhbəri Zeynal Hümbətov çıxış edərək kursun Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il yanvarın 11-də imzaladığı Sərəncam ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”na uyğun olaraq təşkil edildiyin bildirib.
Naxçıvan Müəllimlər İnstitutunun psixoloq-müəllimi Çapay Quliyev qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi və metodistlərinin psixoloji biliklərə yiyələnməsi vacibdir. Uşaqların formalaşmasında mühit əsas rol oynayır. Buna görə də sağlamlıq imkanları məhdud uşaqların uşaq bağçalarına cəlb olunmasında məqsəd yaradılan şərait və mühitin təsiri ilə onların xəstəliklərinə psixoloji kömək göstərməkdir. Metodist və tərbiyəçilər bu qəbildən olan uşaqların mühitdə özlərini sərbəst hiss etməsinə dəstək ola bilərlər.
Bağça mühitinin sağlamlıq imkanları məhdud uşaqların nitq qabiliyyətinin və dünyagörüşünün formalaşmasına xidmət etdiyini deyən Çapay Quliyev bildirib ki, hətta bağça şəraitindən yararlanmaqla, serebral iflici və görmə qüsuru olan uşaqlar da oxuya, yaza və gələcəkdə cəmiyyətdə fəal iştirak edə bilərlər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.