ELM VƏ TƏHSİL
“Məktəblərdə astronomiya və kosmos elminin təbliği” layihəsinə başlanılıb
Bakı, 12 oktyabr, AZƏRTAC
Oktyabrın 12-də Tusi-Bohm Planetariumda Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının və Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Məktəblərdə astronomiya və kosmos elminin təbliği” layihəsinə başlanılıb.
Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, üç ay davam edəcək layihə çərçivəsində Bakı şəhərinin ümumtəhsil müəssisələrindən seçilmiş 3.500 şagirdə Tusi-Bohm Planetariumda interaktiv şou göstəriləcək, rəsədxananın gənc alimləri tərəfindən mühazirələr oxunacaq. Tusi-Bohm Planetariumda məktəblilərə hər gün təlim keçirilməsi də nəzərdə tutulub.
Layihənin ilk günündə bir qrup məktəbli Dünya Kosmos Həftəsi çərçivəsində Tusi-Bohm Planetariumda təşkil edilmiş xüsusi proqramla və həvəskar astronomların əl işlərindən ibarət fotosərgi ilə tanış olub.