ELM VƏ TƏHSİL
Məktəblərdə karyera planlama təlimləri aparılır
Bakı, 26 aprel, AZƏRTAC
Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi “Məktəblinin dostu” layihəsi çərçivəsində karyera planlama təlimlərinə başlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, təlimlər “məktəblinin dostları”nın fəaliyyət göstərdikləri 30 məktəbdə yuxarı sinif şagirdləri üçün təşkil edilir. Təlimlərin keçirilməsinin əsas məqsədi şagirdlərin ixtisas seçiminə kömək etmək, müxtəlif sahələrin mütəxəssisləri ilə görüşlər keçirərək ixtisaslar barədə məktəblilərin geniş məlumat almalarına şərait yaratmaqdır. Təlimlər zamanı şagirdlərin ixtisas seçimində fərdin qabiliyyət və bacarığının vacibliyi ön plana çəkilir.
Təlimdə “Peşə seçimi nədir və nə üçün önəmlidir”, “Peşə seçərkən nələrə diqqət yetirməli” və bu kimi digər mövzularda müzakirələr aparılır, şagirdləri maraqlandıran suallar dolğun cavablandırılır. Təlimlərin davamı olaraq şagirdlərin ixtisas seçiminə yardım məqsədilə müxtəlif universitetlərə ekskursiyalar da təşkil edilir.
Qeyd edək ki, müvafiq təlimlər çərçivəsində “ADA” Universitetinə ekskursiya zamanı 95 və 63 nömrəli məktəbin şagirdləri bu ali təhsil ocağı ilə tanış olublar.