ELM VƏ TƏHSİL
Məktəblərdə təmayül siniflərin təşkili qaydaları elan olunub
Bakı, 7 avqust, AZƏRTAC
Təhsil naziri Mikayıl Cabbarov tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumtəhsil müəssisələrinin 2017-2018-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında əmr imzalayıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, əmrə əsasən, 2017-2018-ci dərs ilində tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumtəhsil müəssisələrinin X sinifləri üçün tədris planları, “Tədris planlarına dair qeydlər” və tam orta təhsil səviyyəsində təmayülləşmənin pilot qaydasında tətbiq olunduğu ümumtəhsil müəssisələrinin XI sinifləri üçün tədris planları, “Tədris planlarına dair qeydlər” təsdiq edilib. Bu, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumtəhsil müəssisələrində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədi daşıyır.
Qaydalara görə, təmayül siniflərində şagirdlərinin sayı ən azı 20 nəfər olmaqla komplektləşdirilir. Şagirdlərin sayı 20 və daha çox olan siniflər aşağıdakı fənlərin tədrisində iki qrupa bölünür: Tədris rus dilində aparılan siniflərdə “Azərbaycan dili - dövlət dili kimi” və tədris dilindən asılı olmayaraq “Xarici dil”, “İkinci xarici dil”, “Fiziki tərbiyə”.
Fənn müəllimlərinin rəyi, şagirdlərin fənlər üzrə təlim nailiyyətləri və onların maraqları, buraxılış imtahanlarının nəticələri, valideynlərin razılığı nəzərə alınmaqla təmayül siniflərinin ilkin komplektləşdirilməsi iyunun sonunadək başa çatdırılır.