ELM VƏ TƏHSİL
Məktəblilər Beynəlxalq Yer Günü ilə bağlı məlumatlandırılıblar
Bakı, 24 aprel, AZƏRTAC
Paytaxtın ümumi təhsil məktəblərində Beynəlxalq Yer Gününə həsr olunmuş silsilə tədbirlər təşkil edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, tədbirlərin keçirilməsinin əsas məqsədi şagirdləri ekoloji mövzuda daha çox məlumatlandırmaq və dünyanı, Yer kürəsini qorumağın vacibliyini məktəblilərə aşılamaq olub.
Tədbirlərdə çıxış edənlər ətraf mühitin mühafizəsi istiqamətində ölkəmizdə görülən işlərdən danışıb, Azərbaycanın müasir ekoloji vəziyyəti, ekoloji problemlərin səbəbləri və aradan qaldırılması yolları haqqında şagirdlərə məlumat veriblər. Bundan başqa ətraf mühitin mühafizəsi sahəsində gənc nəslin rolundan bəhs edilib, ictimaiyyətin bu istiqamətdə fəal iştirakının, əhali arasında maarifləndirmə işlərinin aparılmasının əhəmiyyəti vurğulanıb. Diqqətə çatdırılıb ki, Beynəlxalq Yer Günü hazırda 150-dək ölkədə, o cümlədən Azərbaycanda qeyd edilir. Beynəlxalq Yer Günü ərəfəsində keçirilən müxtəlif ekoloji tədbirlərdə iştirakçılar ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyirlər.
Tədbirlərdə şagirdlər Beynəlxalq Yer Gününə həsr olunmuş şeirlər, mahnılar söyləyib və ədəbi-bədii kompozisiyalar da nümayiş etdiriblər. Həmçinin təhsil müəssisələrində şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub, divar qəzetləri hazırlanıb.
Tədbirlərdə BŞTİ-nin və SOCAR-ın ekologiya idarəsinin əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, valideynlər, şagirdlər və qonaqlar iştirak ediblər.