ELM VƏ TƏHSİL
Məktəblilər “Ceyranları qoruyaq!” ekoloji yay düşərgəsində olublar
Bakı, 13 iyul, AZƏRTAC
İyulun 6-dan 8-dək Gəncə şəhərində “Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə qaytarılması” proqramı çərçivəsində “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsi təşkil olunub. IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin (RETTM) birgə əməkdaşlığı ilə təşkil olunan düşərgədə Şəki, Goranboy, Qax və Samux rayonlarından otuz şagird iştirak edib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, düşərgənin təşkil edilməsinin əsas məqsədi ceyranların reintroduksiya edildiyi ərazilərdə yaşayan gənc nəsli bu növ barədə maarifləndirməkdir.
Düşərgədə RETTM-in əməkdaşları tərəfindən hazırlanmış ekoloji maarifləndirmə proqramı üzrə seminar və müzakirələr keçirilib. Məktəblilərə ceyranların Azərbaycanda məskunlaşdığı tarixi ərazilər, bu növün həyat tərzi, təbiətdə rolu, tükənməsi səbəbləri, reintroduksiyası və qorunması barədə ətraflı məlumat verilib.
Hacıkəndə və Göygöl Milli Parkına təşkil edilən ekskursiyalar zamanı düşərgə iştirakçıları praktik məşğələlərdə təbiətdə ekosistem əlaqələrini və biomüxtəlifliyi öyrənmək məqsədilə ekoloji tədqiqatlar aparıb, meşədə təhlükəsizlik qaydalarına riayət etməklə istiqaməti və müxtəlif heyvanların izlərini təyin edib, ceyranların həyat tərzi barədə videofilmlərə baxıblar.
“Qafqazın böyük beşliyi: ceyran – təbiətin bəzəyidir” mövzusunda aparılan müzakirələrdə iştirak edən şagirdlər əhalinin müxtəlif sosial qruplarının təbii sərvətlərə münasibətindən danışıblar.
Sonda düşərgə iştirakçılarına və fəal məktəblilərə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.