REGİONLAR


Məktəblilər Göygöl və Şəmkir rayonlarından zəngin təəssüratlarla ayrılıblar

Gəncə, 19 mart, Rauf Hacıyev, AZƏRTAC

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Gəncə-Göygöl-Şəmkir marşrutu üzrə ekskursiyaya gələn Balakən, Zaqatala, Qax, Kürdəmir, Ucar, Saatlı və Sabirabad məktəbliləri aksiyanın birinci mərhələsinin sonuncu günü Göygöl və Şəmkir rayonları ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, tur–aksiya iştirakçıları əvvəlcə Göygöl rayonuna gəliblər. Məktəbliləri şəhərin mərkəzində Göygöl Rayon İcra Hakimiyyətinin, mədəniyyət və turizm şöbəsinin əməkdaşları, həmçinin ictimaiyyətin nümayəndələri qarşılayıblar.

Şagirdlər şəhərlə tanışlığa Heydər Əliyev Mərkəzindən başlayıblar. Məktəblilər burada Ümummilli Liderin həyatını, siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən foto və sənədlərə baxıb, mərkəzin fəaliyyəti ilə tanış olublar. Bildirilib ki, muzeydə gənclər üçün xalçaçılıq və bədii biçmə-tikmə evləri, həmçinin kinozal fəaliyyət göstərir.

Sonra Göygöl Rayon Tarix-Diyarşünaslıq Muzeyinə gələn məktəblilərə məlumat verilib ki, vaxtilə almanlar tərəfindən tikilən kilsə hazırda muzey binası kimi fəaliyyət göstərir. Burada nümayiş olunan tarixi eksponatlar, xüsusilə vaxtilə almanlar tərəfindən istifadə edilən məişət əşyaları, geyim nümunələri və tarixi fotolar şagirdlərdə böyük maraq yaradıb.

Azərbaycan Dövlətinin Rəmzləri Muzeyi ilə tanışlıq da tur-aksiya iştirakçıları üçün yaddaqalan olub. Məktəblilər muzeydə Azərbaycanın dövlətçilik tarixinin ayrı-ayrı dövrlərini əks etdirən eksponatlara baxıblar. Məlumat verilib ki, muzeydə Azərbaycanın tarixi torpaqlarında mövcud olmuş ayrı-ayrı dövlətlərin xəritələri və bayraqları, o cümlədən müxtəlif illərdə qəbul edilən konstitusiyalar nümayiş etdirilir.

Göygöllə tanışlıqlarını başa vuran tur-aksiya iştirakçıları Şəmkir rayonuna səfər ediblər.

Məktəblilərin rayonla tanışlığı orta əsrlərə aid Şəmkir qalasından başlayıb. Qalanın qalıqları ilə tanış olan şagirdlərə məlumat verilib ki, tarixi “İpək Yolu”nun üzərində yerləşən bu qədim şəhər Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aşkarlanıb. Əvvəllər kiçik ərazidə aparılan arxeoloji qazıntı işləri sonradan 28 hektar ərazidə davam etdirilib. Qısa müddətdə ərazidə böyük şəhər mədəniyyətinin qalıqları ilə bərabər xeyli sayda maddi mədəniyyət nümunələri də üzə çıxarılıb. Hazırda qədim şəhər ərazisində arxeoloji qazıntı işləri beynəlxalq arxeoloqlarla birlikdə davam etdirilir.

Şəmkir şəhəri ilə tanış olan məktəbliləri Heydər Əliyev Mərkəzinin qarşısında rayon rəhbərliyi qarşılayıb. Şagirdlər Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsini əks etdirən fotoşəkillərə, Ümummilli Liderə həsr olunan kitablara baxıblar. Məlumat verilib ki, mərkəzdə ümummilli lider Heydər Əliyevin müxtəlif vəzifələrdə çalışdığı dövrlərdə işlədiyi kabinetlərin və iş otaqlarının bənzərləri yaradılıb. Bayraq meydanında tarixən Azərbaycanda mövcud olan dövlətlərin bayraqlarının və nişanlarının əks etdirildiyi guşələr də tur-aksiya iştirakçılarında böyük maraq oyadıb.

Məktəblilər Şəmkirdə vaxtilə almanlar tərəfindən tikilən lüteran kilsəsi ilə də tanış olublar. Burada şagirdlərə Şəmkirin əsasını qoyan almanlar haqqında geniş məlumat verilib.

Göygöl və Şəmkir rayonlarından xoş təəssüratlarla ayrılan tur-aksiya iştirakçıları Gəncədə nəcib təşəbbüsə qoşulublar. Məktəblilər “Hərəmiz bir ağac əkək” layihəsi çərçivəsində Gəncədəki Heydər Əliyev park-kompleksində 500 ağac əkiblər.

Builki tur-aksiyanın birinci mərhələsi Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə hərəkət edən 280 məktəbli üçün zəngin səfər təəssüratları ilə başa çatıb. Qərb bölgəsinə ekskursiya məktəblilərə unudulmaz təsir bağışlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.