QAN YADDAŞI
Məktəblilər Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı, 19 yanvar, Səlahət Yusifov, AZƏRTAC
Qanlı Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ərəfəsində Xəzər rayonunun Qala qəsəbəsindəki 323 nömrəli tam orta məktəbin ibtidai sinif şagirdlərinin Şəhidlər xiyabanına ziyarəti təşkil olunub.
Məktəbin direktoru Ruhiyyə İbrahimova bildirib ki, şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi və həqiqi vətənpərvərlik məzmununun onlara düzgün anladılması baxımından təhsil naziri Mikayıl Cabbarovun əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na əsasən məktəblilərin Şəhidlər xiyabanına təşkil olunan ziyarətləri böyük əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, ziyarət zamanı məktəbin müəllimləri Tərlan İsmayılova, Aybəniz Orucova, Şölə Həsənova, Esmira İsfəndiyarova, Arifə Mahmudova və Leyla Yusifova şagirdlərə 20 Yanvar faciəsi barədə dolğun məlumat verib, xalqımızın şərəf salnaməsi olan bu şanlı tarixi unutmamağa çağırıblar. 20 Yanvar hadisələrinin başvermə səbəblərindən və acı nəticələrindən danışan müəllimlər bu faciənin xalqımızın azadlıq mübarizəsi tarixində şanlı səhifə olduğunu diqqətə çatdırıblar. Qeyd edilib ki, Vətənimizin azadlığı, müstəqilliyi uğrunda canlarını qurban verən 20 Yanvar şəhidləri ölümləri ilə ölməzliyə qovuşaraq tariximizin şərəfli səhifəsini yazıblar. Onların qəhrəmanlığı gələcək nəsillərə əsl vətənpərvərlik nümunəsidir.
Vurğulanıb ki, 20 Yanvar faciəsi xalqımızın qan yaddaşından heç vaxt silinməyəcək. Vətənimizin müstəqilliyi, suverenliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsi qəlblərdə əbədi yaşayacaq.
Sonda müəllim və şagirdlər xalqımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini yad edərək şəhidlərin məzarları üzərinə tər qərənfillər düzüblər.