ELM VƏ TƏHSİL
Məktəblilər “Vergi olimpiadası”nda biliklərini sınayıblar
Bakı, 7 iyul, AZƏRTAC
Məktəblilər arasında “Vergi olimpiadası” keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, layihə Binəqədi rayonu ərazisindəki ümumtəhsil müəssisələrini əhatə edib.
Layihə çərçivəsində əvvəlcə məktəblərdə yarışlar təşkil olunub və şagirdlər vergi sahəsindəki biliklərini nümayiş etdiriblər. Sonra həmin yarışların qalibləri arasında III-V, VI-VIII və IX-XI siniflər üzrə müsabiqə keçirilib. Müsabiqə zamanı məktəblilər xüsusi metodik vəsait əsasında hazırlanan test suallarını cavablandırıblar.
Müsabiqənin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 182 nömrəli tam orta məktəbin bir şagirdi birinci, digəri üçüncü yerə layiq görülüb. 217 nömrəli tam orta məktəbin yetirmələri də birinci və üçüncü yerdə qərarlaşıblar. Həmçinin 83 nömrəli məktəb-liseyin şagirdi birinci, 103, 30 və 3 nömrəli tam orta məktəblərin yetirmələri ikinci, 115 nömrəli tam orta məktəbin şagirdi üçüncü yerə sahib olublar.
“Vergi olimpiadası”nın təşkil edilməsinin məqsədi yüksək biliyə malik olan məktəblilərin müəyyənləşdirilməsi, vergitutmaya dair biliklərinin artırılması, məktəblilərə vergi mədəniyyətinin aşılanması, həmçinin gələcəkdə bu sahədə çalışacaq mütəxəssislərin yetişdirilməsi üçün zəmin yaradılmasıdır.
Qaliblərə diplom, kubok və hədiyyələr, digər iştirakçılara isə sertifikatlar verilib.