ELM VƏ TƏHSİL
Məktəblilər arasında “Breyn-rinq” üzrə Azərbaycan çempionatına hazırlıq görülür
Bakı, 18 avqust, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) “Bilik” kuboku və məktəblilər arasında “Breyn-rinq” üzrə Azərbaycan çempionatına hazırlıq çərçivəsində görüş keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə təhsil idarəsinin sektor müdiri Şahin İsgəndərov, Təhsil Nazirliyinin nümayəndəsi Qeyrət Şirəliyev, İntellektual Klublar Assosiasiyasının və “Məktəblinin dostu” layihəsinin təmsilçiləri, o cümlədən məktəb direktorları iştirak ediblər.
Görüşdə məlumat verilib ki, Təhsil Nazirliyi və İntellektual Klublar Assosiasiyasının birgə təşəbbüsü ilə 2013-cü ildən reallaşdırılan “Breyn-rinq” layihəsi bu il də həyata keçiriləcək. “Bilik” kuboku və məktəblilər arasında “Breyn-rinq” üzrə Azərbaycan çempionatının televiziya çəkilişləri sentyabrın 1-dən 4-dək aparılacaq.
Tədbirdə çempionata hazırlıqla əlaqədar məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar da verilib.
Qeyd edək ki, “Bilik” kuboku və məktəblilər arasında “Breyn-rinq” üzrə Azərbaycan çempionatının əsas məqsədi gənclər arasında intellektual hərəkatı inkişaf etdirmək, gənc nəslin biliyini genişləndirməkdir.