REGİONLAR
Məktəblilər arasında dama üzrə Naxçıvan şəhər birinciliyinin qalibləri müəyyənləşib
Naxçıvan, 25 yanvar, AZƏRTAC
Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Naxçıvan şəhər tam orta məktəblərinin komandaları arasında keçirilən dama birinciliyinin qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov çıxış edərək yarışın keçirilmə məqsədi haqqında iştirakçılara ətraflı məlumat verib.
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Namiq Novruzov və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Mahmud Kərimov çıxış edərək yarışın qaydaları haqqında komandalara məlumat verib, onlara uğurlar arzulayıblar.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 17 tam orta məktəbdən 51 idmançı iştirak edib. Hər komandanın tərkibində 1 qız və 2 oğlan iştirakçı olub. Olimpiya sistemi üzrə keçirilən yarışın yekun nəticəsinə əsasən, 7 nömrəli tam orta məktəbin komandası I yerə, 13 nömrəli tam orta məktəbin komandası II yerə, 5 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Qalib komandalar təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.