ELM VƏ TƏHSİL
Məktəblilər arasında intellektual oyun keçirilib
Bakı, 25 oktyabr, AZƏRTAC
Masallı rayonundakı “ASAN İntellektual” inkişaf mərkəzində məktəblilər arasında “Ən zəif bənd” intellektual oyunu keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, intellekt oyun bu qurumun təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi və Masallı rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə reallaşdırılıb.
Yarışın keçirilməsində məqsəd gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması, şagirdlərin intellektual və yaradıcı inkişafına təkan verilməsi, onların intellektual fəaliyyətə daha geniş miqyasda cəlb edilməsinin və asudə vaxtlarının səmərəli təşkilinin təmin olunmasıdır.
Yarışın seçim turları Masallı rayonunun 5 ümumtəhsil məktəbində və “Dəfinə” məktəb-liseyində keçirilib. Seçim turlarında hər məktəbdən 20 şagird arasından iki nəfər seçilməklə ümumilikdə 10 məktəbli oyuna vəsiqə qazanıb.
Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunun nəticəsinə əsasən “Dəfinə” məktəb-liseyinin 11-ci sinif şagirdi Rafael Əliyev qalib elan olunub.