REGİONLAR


Məktəblilər arasında keçirilən kompüter bilikləri müsabiqəsi başa çatıb

Naxçıvan, 23 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin birgə təşkilatçılığı ilə muxtar respublika üzrə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən kompüter bilikləri müsabiqəsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində keçirilən müsabiqədə muxtar respublikanın şəhər və rayon məktəbləri üzrə 16 şagird iştirak edib.

Mərkəzin direktoru Vüqar Rəsulov, direktor müavini Nəriman Sadıxov və Təhsil Nazirliyinin əməkdaşı Anar Mirzəyev çıxış edərək bildiriblər ki, müsabiqənin təşkilində əsas məqsəd uşaq və gənclərin informasiya-kommunikasiya texnologiyalarına marağının və biliklərinin artırılması, onların istedadlarının aşkara çıxarılması, asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir.

Müsabiqədə şagirdlərə “Windows”, “Word”, “Excel” proqramları və internet şəbəkəsinə dair test sualları təqdim olunub.

Sonda münsiflər tərəfindən müsabiqənin qalibləri müəyyənləşdirilib. Müsabiqənin yekun nəticəsinə görə I yerə Culfa rayon Yaycı kənd 1 nömrəli tam orta məktəbin şagirdi Elgün Hüseynli, II yerə Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin şagirdi Cavid Əliyev, III yerə isə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Rəbbi Səfərli və Ordubad rayon internat məktəbinin şagirdi Hüseyn Abdullabəyli layiq görülüblər.

Qaliblər diplom, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Müsabiqədə həvəsləndirici yerləri tutan şagirdlərə isə genişzolaqlı internet kartları hədiyyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.