ELM VƏ TƏHSİL
Məktəblilərarası I Məntiq Olimpiadasının final mərhələsi mayın 15-də keçiriləcək
Bakı, 6 may, AZƏRTAC
Mayın 15-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “İstək” liseyinin birgə təşkilatçılığı ilə keçirilən “Lütfi Zadə adına Bakı Şəhəri Məktəblilərarası I Məntiq Olimpiadası”nın final mərhələsi keçiriləcək.
“İstək” liseyindən AZƏRTAC-a bildiriblər ki, hər il keçirilməsi nəzərdə tutulan olimpiadada bu il Bakı şəhəri ümumi təhsil müəssisələrinin V-VI sinif şagirdləri iştirak ediblər.
Olimpiada məktəblilər arasında məntiqə olan marağı artırmaqla, onların məntiqi təfəkkür və düşüncə tərzinin, şəxsi keyfiyyətlərinin formalaşmasına, diqqət, qavrama, hafizə və nitq kimi vacib bacarıqlarının inkişafına müsbət təsir göstərmək məqsədilə təşkil olunub.
Bu il olimpiadada Bakı şəhəri ümumi təhsil müəssisələrinin V-VI siniflərində təhsil alan 23.833 şagird iştirak edib. İlk mərhələnin yekunlarına görə 65 faizdən artıq nəticə göstərmiş 2.812 şagird finalda yarışacaq. Yüksək nəticə göstərən şagirdlər təşkilatçılar tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.