ELM VƏ TƏHSİL
Məktəblilərarası I Məntiq Olimpiadasının ilk mərhələsinin nəticələri açıqlanıb
Bakı, 3 may, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “İstək” liseyinin birgə təşkilatçılığı ilə keçirilən “Lütfi Zadə adına Bakı Şəhəri Məktəblilərarası I Məntiq Olimpiadası”nın ilk mərhələsinin nəticələri bəlli olub.
İstək liseyindən AZƏRTAC-a bildiriblər ki, ənənəvi olaraq hər il keçirilməsi nəzərdə tutulan olimpiadada bu il Bakı şəhəri ümumi təhsil müəssisələrinin V-VI sinif şagirdləri iştirak ediblər.
Olimpiada məktəblilər arasında məntiqə olan marağı artırmaqla, onların məntiqi təfəkkür və düşüncə tərzinin, şəxsi keyfiyyətlərinin formalaşmasına, diqqət, qavrama, hafizə və nitq kimi vacib bacarıqlarının inkişafına müsbət təsir göstərmək məqsədilə təşkil olunub.
İlk mərhələni uğurla keçən şagirdlər final mərhələsində iştirak etmək hüququ əldə ediblər.
Olimpiada zamanı yüksək nəticə göstərən şagirdlər təşkilatçılar tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.