CƏMİYYƏT
Məktəblilərə məişət zorakılığının tibbi-psixoloji nəticələri izah olunub
Bakı, 27 noyabr, AZƏRTAC
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Bakının Binəqədi rayonundakı 283 nömrəli tam orta məktəbdə məişət zorakılığı ilə bağlı növbəti maarifləndirmə tədbiri keçirib.
İSİM-dən AZƏRTAC-a bildirilib ki, “Məişət zorakılığının qarşısının alınması üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı”na uyğun olaraq keçirilən tədbirdə İSİM-in əməkdaşları Nərmin İlyasova və Kubə Xəlilova məişət zorakılığının subyektləri, cəmiyyətdə və məişətdə qadın zorakılığı, zorakılığın formaları, erkən və məcburi nikah barədə ətraflı məlumat veriblər. Həmçinin məişət zorakılığının tibbi-psixoloji nəticələri izah edilib.
Sonra mövzu ilə əlaqədar qısametrajlı film və videoçarxlar nümayiş olunub, şagirdlərə İSİM tərəfindən hazırlanmış maarifləndirmə materialları paylanılıb.