ELM VƏ TƏHSİL
Məktəblilərimiz beynəlxalq olimpiadada medal qazanıb
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 16-dan 24-dək İndoneziyanın Yogyakarta şəhərində məktəblilərin 48-ci Beynəlxalq Fizika Olimpiadası keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, 87 ölkədən 424 məktəblinin qatıldığı olimpiadada azərbaycanlı şagirdlər də iştirak ediblər.
Dörd nəfərdən ibarət komandamızın üzvləri nəzəri və praktik mərhələlərdə bilik və bacarıqlarını nümayiş etdirərək bir bürünc, iki həvəsləndirici mükafat qazanıblar.
Gəncə şəhər 26 nömrəli orta məktəbin eksperimental pilot siniflərinin şagirdi Fərhad Abdullayev bürünc medal, Mingəçevir şəhəri R.Muradov adına texniki-humanitar liseyin eksperimental pilot siniflərinin şagirdi Emil Əlizadə və Quba şəhəri texniki təmayüllü liseyin eksperimental pilot siniflərinin şagirdi Səbuhi Mikayılov həvəsləndirici mükafat qazanıblar.
Şagirdlər il ərzində nazirlik tərəfindən təşkil olunmuş olimpiadalara hazırlıq mərkəzlərində beynəlxalq olimpiadalara müntəzəm və planlı hazırlaşırlar. Beynəlxalq fənn olimpiadalarında sistematik hazırlıq işlərinin görülməsi məqsədilə Bakı şəhərində yaradılmış olimpiada mərkəzlərində yerli və əcnəbi mütəxəssislərin köməyi ilə hazırlıq prosesi həyata keçirilir.