ELM VƏ TƏHSİL
Məktəblilərin Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinə ekskursiyası təşkil edilib
Bakı, 13 mart, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərinin “Ekoloji aylıqlar” layihəsi çərçivəsində Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinə ekskursiyası təşkil edilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, ekskursiya “Yenilənə bilən enerji ilə biliyimizi yeniləyək” devizi altında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən reallaşdırılıb. Ekskursiya zamanı şagirdlərə günəş panellərinin işləməsi, prinsipləri, külək stansiyalarının növləri və texnologiyası, mərkəzdə fəaliyyət göstərən “ağıllı şəbəkə” haqqında ətraflı məlumat verilib.
“Ekoloji aylıqlar” layihəsi çərçivəsində mart ayı ümumi təhsil məktəblərində “Alternativ enerji” mövzusuna həsr olunub. Məqsəd şagirdlərin diqqətini alternativ enerji mənbələrinə yönəltmək, onları bu barədə daha geniş şəkildə maarifləndirməkdən ibarətdir. Mövzunun reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib.