CƏMİYYƏT
“Məktəblilərin ekoloji klublarının yaradılması” layihəsi başa çatır
Bakı, 17 avqust, AZƏRTAC
“Davamlı İnkişafa Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məktəblilərin ekoloji klublarının yaradılması” layihəsini uğurla başa çatdırır.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, Bakı və Gəncə şəhərlərində icra olunan layihənin məqsədi ətraf mühitin qorunmasında məktəblilərin rolunu gücləndirmək, onlar arasında ekoloji təfəkkürü artırmaq olub. İlkin mərhələdə adları çəkilən şəhərlərdə məktəblilər arasında ekoloji maarifçilik işini yüksəltmək məqsədilə silsilə təlimlər keçirilib, şagirdlərin iştirakı ilə ekoloji divar qəzetləri hazırlanıb. Növbəti mərhələdə isə məktəblilərin iştirakı ilə ekoloji klublar yaradılıb, onların fəaliyyət istiqamətləri və iş prinsipləri müəyyənləşdirilib. Klublara üzv olan məktəblilər üçün təlimlər və digər praktik tədbirlər də təşkil olunub. Həmçinin klub üzvlərinin tanınmış ekoloqlarla görüşləri keçirilib, məktəbliləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Layihənin sonuncu mərhələsində isə şagirdlərin iştirakı ilə təşkil olunan ekoloji aksiyalar zamanı məktəblilərin ekoloji bilik və bacarıqlarının yoxlanılması üçün müxtəlif müsabiqələr də keçirilib.
Bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının uğurlu nəticələri ekoloji problemlərin də operativ həllinə, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlverişli şərait yaradıb. Ekologiyanın qorunmasına, ətraf mühitin mühafizəsinə göstərilən diqqət və qayğı, ardıcıl həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə ekoloji vəziyyət getdikcə yaxşılaşmaqdadır. Azərbaycanda həyata keçirilən ekoloji siyasətin məqsədi hazırkı və gələcək nəsillərin ehtiyaclarının ödənilməsi naminə mövcud ekoloji sistemlərin və təbii ehtiyatların səmərəli istifadəsi ilə davamlı inkişafın təmin edilməsidir. Dövlətin həyata keçirdiyi bu siyasətə dəstək verməklə ekologiyamızın qorunmasına xüsusi həssaslıq nümayiş etdirilməlidir. Buna görə də “Davamlı İnkişafa Dəstək” İctimai Birliyi məktəb yaşlarından uşaqlarımızın və yeniyetmələrimizin ekoloji təfəkkürünü artırmaq, onların ətraf mühitə münasibətdə xüsusi nümunə göstərmələrini təmin etmək niyyətindədir.