ELM VƏ TƏHSİL
Məktəblilərin kitab mərkəzinə ekskursiyası başlanıb
Bakı, 15 may, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində “Azərkitab” Kitab Təbliğat Mərkəzinə ekskursiyalar” layihəsinə başlanılıb.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi şagirdlər arasında sistemli mütaliə işinin təşkili, onların mütaliəyə həvəsinin daha da artırılması, mənəviyyatının zənginləşməsi, dünyagörüşünün və bilik dairəsinin genişləndirilməsidir. Həmçinin məktəblilərlə müəlliflər arasında canlı təmasın yaradılması, eyni zamanda, məktəb kitabxanalarının məqsədyönlü komplekləşdirilməsinə kömək etməkdir.
Layihə çərçivəsində “Azərkitab” Kitab Təbliğat Mərkəzinin ilk ekskursiyaçıları Yasamal rayonundakı ümumi təhsil müəssisələrinin müəllimləri, şagirdləri və kitabxanaçıları olublar. Ekskursiya zamanı şagirdlər mərkəzin müxtəlif struktur bölmələri, konfrans, oxu, sərgi, kiçik yaşlı uşaqlar üçün nağıl zalları və işgüzar istirahət (co-working) məkanı, kitab kafesi ilə tanış olublar. Məktəblilərə mərkəzdə keçirilməsi nəzərdə tutulan kitab təqdimatları, müzakirələr, imza günləri, müxtəlif müsabiqələr, yaradıcılıq gecələri haqqında ətraflı məlumat verilib.
Ekskursiyaçılarla mərkəzin əməkdaşları arasında geniş fikir mübadiləsi aparılıb. Belə layihələrin keçirilməsinin uşaqlarda mütaliə mədəniyyətinin formalaşması ilə yanaşı, kitabların təbliği işinə də müsbət təsir göstərəcəyi diqqətə çatdırılıb.