ELM VƏ TƏHSİL
Məktəblilərin sağlamlıq vəziyyətinin monitorinqi aparılıb
Bakı, 31 yanvar, AZƏRTAC
Təhsil Nazirliyinin sifarişi əsasında “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində məktəblilərin sağlamlıq vəziyyətinin müayinəsi aparılıb. Milli Təhsil Texnologiyaları Mərkəzi monitorinqi “Coca-Cola” şirkətinin dəstəyi ilə reallaşdırır.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, dörd mərhələdə aparılması nəzərdə tutulan tibbi monitorinqlərdə şagirdlərin bir neçə dəfə müayinəsinin keçirilməsi planlaşdırılıb. İndiyə qədər Bakının beş, Sumqayıtın isə bir ümumtəhsil məktəbində altı minədək I, V və X-XI sinif şagirdi müayinələrə cəlb olunub.
Müayinələrin ötən ilin may-iyun aylarında keçirilən birinci mərhələsində məktəblilərin psixi-fiziki sağlamlıq vəziyyəti araşdırılıb. Bu mərhələdə I sinfi bitirən şagirdlərin 51,4 faizində, V sinfi bitirən şagirdlərin 51,8 faizində, X-XI sinfi bitirən şagirdlərin isə 40,9 faizində qamət problemi aşkar edilib. Buraxılış sinif şagirdlərinin 45 faizində uzaqdangörmə itiliyi ilə bağlı problem aşkarlanıb.
Oğlan və qızların fiziki inkişaf vəziyyəti ilə bağlı faktlar xüsusilə diqqəti cəlb edir. Belə ki, fiziki inkişafın pozulması halları buraxılış siniflərində qızların 20 faizində, oğlanların isə 40 faizində müəyyən olunub. Faktlar onu göstərir ki, eyni təhsil şəraitində oğlanlar arasında fiziki inkişaf problemləri qızlardan iki dəfə çoxdur. Mütəxəssislərin fikrincə, sağlam olmaq üçün oğlanların qızlardan 3-5 dəfə daha çox hərəkət etməsinə ehtiyac var.
Yeni təşkil edilmiş pilot siniflərdə tədris hərəkətdə təlim şəraitində keçirilir. Şagird masaları həm oturaraq, həm də ayaq üstə çalışmaq imkanı yaradır. Bu masaları hazırda istifadə edilən məktəb masalarından fərqləndirən ən mühüm cəhət onların səthinin 16 dərəcə maili olmasıdır. Belə maillik şagirdin vizual dərketməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Sinif otaqlarındakı digər avadanlıq da layihəyə uyğun hazırlanaraq yerləşdirilib.
Birinci mərhələdə müayinəyə cəlb edilən məktəblilərin 33,6 faizində, ikinci mərhələdə isə 32,3 faizində uzaqdangörmə itiliyi ilə bağlı problemlər aşkarlanıb. 2014-cü ilin oktyabrında keçirilən ikinci müayinənin nəticələri göstərib ki, məktəbə yeni qəbul olunmuş birinci sinif şagirdlərinin 32,8 faizi, V sinif şagirdlərinin 40,3 faizi və X-XI sinif şagirdlərinin 42,6 faizində qamət problemi var. İkinci mərhələdə müayinədən keçirilən məktəblilərin sağlamlıq vəziyyətinin tədris ili ərzində dəyişilməsi hallarını və inkişaf dinamikasını izləmək məqsədilə onlar yenidən monitorinqlərə cəlb ediləcəklər.
Hazırda monitorinqin üçüncü mərhələsi üzrə iş aparılır. Dördüncü mərhələ isə tədris ilinin sonunadək həyata keçiriləcək.
Layihə çərçivəsində məktəblilər arasında keçirilən tibbi, gigiyenik, psixoloji və pedaqoji monitorinqlər üzrə hesabat və tövsiyə sənədlərinin hazırlanması planlaşdırılır.
Gələcəkdə “Sağlam təhsil sinif”ləri ölkənin digər məktəblərində də açılacaqdır.