REGİONLAR


Məktəblilərin şimal bölgəsinə ekskursiyası Xaçmazda başa çatıb VİDEO

A+ A

Xaçmaz, 15 noyabr, Elxan Yusifli, AZƏRTAC

Noyabrın 15-də doqquz rayonun məktəblilərindən ibarət 400-ə yaxın şagirdin “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyası başa çatıb.

AZƏRTAC xəbər verir ki, səhər saatlarında şagirdlər və onlara rəhbərlik edən müəllimlərin iştirakı ilə Quba şəhərində “Hərəmiz bir ağac əkək” devizi altında ağacəkmə aksiyası keçirilib. IDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilən yaşıllaşdırma aksiyasında məktəblilər 400-dən çox ağac əkiblər.

Ağacəkmə aksiyasından sonra tur-aksiya iştirakçıları Xaçmaz rayonuna yola düşüblər.

Ağdam, Bərdə, Goranboy, Naftalan, Ağcabədi, Beyləqan, Xocalı, Xocavənd və Laçın rayonlarını təmsil edən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərini Xaçmaz şəhərinin mərkəzindəki Heydər Əliyev parkında rayon icra hakimiyyətinin, təhsil, mədəniyyət və turizm şöbələrinin nümayəndələri qarşılayıblar. Məktəblilər burada ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Tur-aksiya iştirakçılarının diqqətinə çatdırılıb ki, Xaçmaz geniş turizm imkanlarına görə seçilən rayonlardandır. Həmçinin parklar və muzeylər şəhəri adlandırılan Xaçmaz ölkəmizin ən böyük kənd təsərrüfatı rayonlarından biridir.

Qonaqlar şəhərdəki yeni inşa olunan Heydər Əliyev Mərkəzində də olublar. Şagirdlərin diqqətinə çatdırılıb ki, Heydər Əliyev Mərkəzinin yeni binasının açılışı Prezident İlham Əliyevin bu ilin sentyabr ayında Xaçmaza səfəri çərçivəsində həyata keçirilib. Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer alıb. Burada ulu öndər Heydər Əliyevin gərgin siyasi fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, Azərbaycan iqtisadiyyatının ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, qüdrətli ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən fotolara və sənədlərə geniş yer verilib. Mərkəzdə əbədiyaşar liderin həyat və fəaliyyətinə dair tarixi sənədlər də nümayiş etdirilir.

Daha sonra məktəblilər Xaçmaz şəhərində Azərbaycanın görkəmli şair və yazıçılarının, mədəniyyət və incəsənət xadimlərinin büstü qoyulan, açıq səma altında yaradılan Şəxsiyyətlər muzeyinə gəliblər. Ekskursiya iştirakçılarına 2006-cı ildə yaradılan muzey-park haqqında ətraflı məlumat verilib.

Tur-aksiyanın iştirakçıları 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət ediblər. Diqqətə çatdırılıb ki, muzeydə həm ölkəmizin, həm də Xaçmaz rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat var.

Məktəblilər Xaçmaz Dövlət Rəsm Qalereyası ilə tanışlıqdan sonra Bayraq Meydanı Kompleksinə gəliblər.

Meydan və Çənlibel parkında gəzintidən sonra məktəblilər ekskursiyalarını başa vuraraq öz rayonlarına yola düşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.