ELM VƏ TƏHSİL
Melburnda Qarabağ mövzusunda sərgi təşkil olunacaqdır
Bakı, 12 iyun (AZƏRTAC). “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Rənglər çələngi: Azərbaycanın Dağlıq Qarabağ rəngləri Melburnda” adlı layihə həyata keçirir.
Azərbaycan Dillər Universitetinin ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildirmişlər ki, layihə çərçivəsində iyunun 15-dən 22-dək Avstraliyanın Melburn şəhərindəki Deakin Universitetində Azərbaycanın gənc qadın rəssamlarının Qarabağ mövzusunda əsərlərinin sərgisi keçiriləcəkdir.
Bundan əlavə, Deakin Universitetində Azərbaycanla bağlı informasiya guşəsi yaradılacaqdır ki, bu da tələbələrin ölkəmiz haqqında geniş məlumat almalarına kömək edəcəkdir. Guşədə Qarabağ münaqişəsinin kökləri, erməni terroru, eləcə də Xocalı soyqırımı haqqında məlumatlar, fotoşəkillər və kitablar da yerləşdiriləcək, iyirmi ildən çox uzanan münaqişənin səbəbləri barədə müzakirələr aparılacaqdır.
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin xarici ölkələr ədəbiyyatı kafedrasının professoru Şəhla Nağıyeva bildirmişdir ki, sərgidə Azərbaycanın gənc qadın rəssamları Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı və Günay Həsənovanın əsərləri nümayiş etdiriləcəkdir. Bu əsərlər Qarabağın gözəlliklərini, tarixi və mədəniyyət abidələrini avstraliyalı tələbələrə tanıtmaqda mühüm rol oynayacaqdır.