İQTİSADİYYAT
Mələk Çakmak: Qadınların əkinçilik istehsalından daha çox yararlanması üçün mühüm addımlar atılıb
Bakı, 29 iyun, Ramiz Quliyev, AZƏRTAC
İyunun 29-da Bakıda Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatlı Təşkilatının (FAO) dəstəyi ilə Türkiyə və Azərbaycanda reallaşdırılan “Kənd ərazilərində yaşayan qadınların kəndin davamlı inkişafının sosial-iqtisadi və gender aspektləri üzrə imkanlarının artırılmasına dəstək” layihəsinin sona çatması ilə əlaqədar yekun seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, FAO-Türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində 2014-cü ildə başlayan bu layihə Türkiyə və Azərbaycanda kənd qadınları üçün göstərilən xidmətləri yaxşılaşdırmaq məqsədi daşıyır.
Seminarda çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin elm və təhsil şöbəsinin müdiri Namiq Məmmədov layihənin mühüm sosial əhəmiyyət kəsb etdiyini və müasir dövrdə qadınların kənd təsərrüfatı sahəsi və sahibkarlıqla məşğul olmasının vacibliyini vurğulayıb. Layihənin iki ildən çoxdur davam etdiyini deyən N.Məmmədov məsləhət, informasiya xidmətlərinin təkmilləşdirilməsi, fermer qadınların əməyinin qiymətləndirilməsi ilə bağlı Azərbaycanda həyata keçirilən sosialyönümlü layihəni yüksək dəyərləndirib. Onun sözlərinə görə, layihə həm iqtisadi, həm də sosial cəhətdən çox səmərəli olub, kənd yerlərində yeni iş yerlərinin yaradılması istiqamətində də xeyli iş görülüb.
FAO-nun Azərbaycandakı nümayəndəsi xanım Mələk Çakmak bildirib ki, qadınların əkinçilik istehsalından daha çox yararlanması üçün mühüm addımlar atılıb. “Düşünürəm ki, qadınların əkinçilik təsərrüfatına cəlb edilməsi ərzaq təhlükəsizliyinin qorunmasında, kənd təsərrüfatı məhsullarının istehsalında kişilərlə bərabər sayda ola bilər. Bu, sadaladığım sahələrə ikiqat müsbət təsir göstərəcək. Qadınlar məhsul yığımında, gübrələrin verilməsində və digər sahələrdə çalışa bilərlər” - deyə, M.Çakmak vurğulayıb.
Türkiyə Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin idarə rəisi Gürcan Özdağ layihənin başlıca məqsədlərindən birinin kənd qadınlarının sosial-iqtisadi inteqrasiyasını təşviq etməkdən, onların gəlir yaratmaq bacarıqlarını artırmaqdan ibarət olduğunu söyləyib.
Daha sonra layihə ilə bağlı təqdimatlar olub. Bildirilib ki, kənd qadınları kənd təsərrüfatı istehsalı və iqtisadiyyatın şaxələndirilməsi sahəsində öz biliklərini, bacarıqlarını və potensialını artıracaq. Bu isə kənd qadınlarının gəlir yaratmaq bacarıqlarını və ailə təsərrüfatında ərzaq təhlükəsizliyi və dolanışıq vasitələrini yaxşılaşdırmaqla sosial-iqtisadi inkişafa gətirib çıxaracaq.
Sonda gələcək əməkdaşlıq sahələri müzakirə edilib.