REGİONLAR
Məleykə Abbaszadə: Şagirdlərin bilik və bacarıqlarını qiymətləndirmək üçün yeni alətlər hazırlanıb
Gəncə, 22 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Gəncədə seminar keçirib.
AZƏRTAC xəbər verir ki, seminar iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Seminarda TQDK-nın Gəncə regional bölməsinin əhatə etdiyi rayonlardan olan müəllimlər iştirak ediblər.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva çıxış edərək, təhsilin aktual problemlərinin müzakirə olunduğu seminarın əhəmiyyətindən söz açıb.
Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan dili və riyaziyyat fənlərinə həsr olunan seminarda 2017-ci ildə 9 illik təhsil bazasından buraxılış imtahanlarının yeni qaydaları haqqında məruzə ilə çıxış edib.
Bildirilib ki, IX sinifdə oxuyan şagirdlər doqquz ildir yeni proqram əsasında tədris alırlar. Birinci sinifdən onlara kurikulum tətbiq olunub. Direktorlar Şurasının sədri deyib: “Biz onların bilik və bacarığını qiymətləndirmək üçün yeni alətlər hazırlamışıq. Bu şagirdlərin buraxılış imtahanları iki mərhələdə keçiriləcək. Birinci mərhələ fevral-mart aylarını əhatə edəcək, Azərbaycan dili və riyaziyyat fənlərindən açıq test tapşırıqları tətbiq olunacaq. Test tapşırıqlarının nümunələri çap edilib. Bu il, həmçinin IX sinfə aid olan nümunələr “Abituriyent” jurnalında qaydalarla və proqramla birgə dərc ediləcək”.
Şura sədri qeyd edib ki, yeni qaydalara əsasən birinci mərhələdə qiymətləndirmə müəyyən qədər vaxt aparacaq. Çünki yazı işləri marker-müəllimlər tərəfindən yoxlanılacaq. Yoxlama elə aparılacaq ki, qiymətləndirməyə hər hansı kənar təsir olmasın. Aparılan monitorinq imtahanlarında artıq bu texnologiya tətbiq edilib. Təkcə bu il IX sinifdə təhsil alan 113 min şagirddən 60 mindən çoxu həmin imtahanlara cəlb olunub. VIII sinifdə oxuyan 50 min şagird də V-VI siniflərdən monitorinq imtahanlarına qatılıb.
Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri xatırladıb ki, ötən dörd ildə aparılan monitorinq imtahanlarının nəticələri məktəblərə göndərilib. Müəllimlər nəticələrlə tanış olublar. Həmin nəticələr uşaqların qiymətləndirməsinə təsir göstərməyib. Bu, yalnız elmi və metodiki nəticələrdir. “Artıq biz bu imtahanlarda tam elmi-metodiki nöqteyi-nəzərdən hazırlıqlı səviyyəyə gəlib çatmışıq. Təqdim etdiyimiz tapşırıqlar bu il imtahana hazırlaşan uşaqların səviyyəsinə uyğun olacaq”, - deyə Məleykə Abbaszadə bildirib.
Seminarda, həmçinin 2016-cı ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında istifadə edilən test tapşırıqları, yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanan dərsliklər də geniş müzakirə olunub.
Sonra seminar işini bölmə iclaslarında davam etdirib.