İQTİSADİYYAT
“Məlumat təhlükəsizliyi və “Symantec” şirkətinin müdafiə strategiyası” mövzusu müzakirə olunmuşdur
Bakı, 11 sentyabr (AZƏRTAC). “Azərbaycan Elektronikası” (AZEL) və ABŞ-ın “Symantec Corporation” şirkətinin təşkilatçılığı ilə sentyabrın 11-də Bakıda “Məlumat təhlükəsizliyi və “Symantec”in müdafiə strategiyası” mövzusunda seminar keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, bank və dövlət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə “AZEL”in müşahidə şurasının sədri İqor Yakovenko təmsil etdiyi qurumun “Symantec” korporasiyasının həlləri əsasında həyata keçirdiyi layihələr barədə məlumat vermiş, bu sahədə əldə olunan təcrübədən danışmışdır.
Bakıda səfərdə olan “Symantec” şirkətinin təhlükəsizlik strategiyaları üzrə baş proqramçısı Bülent Teksoz “Məlumat təhlükəsizliyinə qarşı təhlükələr barədə xülasə: “Symantec” hesabatları, korporativ müştəriləri müdafiə strategiyası və tövsiyələr” mövzusunda məruzə etmişdir. ABŞ-ın kompyuter proqramları üzrə aparıcı şirkəti “Symantec”in tətbiqi proqramları və xidmətləri barədə məlumat verən B.Teksoz məlumat təhlükəsizliyi sisteminin Azərbaycanda tətbiqinin əhəmiyyətini vurğulamışdır.
Qazaxıstan, Orta Asiya üzrə regional menecer Aleksandr Yakunin Cənubi Qafqazda, Mərkəzi Asiyada “Symantec” həllərinin tətbiqi xüsusiyyətlərindən bəhs etmişdir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.