ELM VƏ TƏHSİL


Memarlıq və İnşaat Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin universitetin həyətində qoyulmuş büstünün önünə əklil qoyub, Ulu Öndərin xatirəsini yad ediblər. Bu barədə AZƏRTAC-a AzMİU-dan məlumat verilib.

Universitetin rektoru, professor Gülçöhrə Məmmədova Milli Qurtuluş Gününü Azərbaycan xalqının tarixinə yazan Ümummilli Liderin dövlət müstəqilliyimizin qorunub saxlanmasında misilsiz xidmətlərindən danışıb. Rektor qeyd edib ki, 24 il bundan öncə xalqın tələbi ilə Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini yox olmaq təhlükəsindən qurtarıb.

Bildirilib ki, Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Həmin gün ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev Ali Sovetin Sədri seçildi. O, milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Bununla da, uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas oldu. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı. Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Dahi lider Heydər Əliyevin əsasını qoyduğu müdrik və uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycanın regionda müstəqil, güclü dövlətə çevrildiyini söyləyən G.Məmmədova Prezident İlham Əliyevin Ulu Öndərin ideyalarının uğurlu davamçısı olduğunu bildirib.

Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov isə Azərbaycanda Ulu Öndərin hakimiyyətə qayıdışını zəruri edən hadisələrdən danışıb. O deyib: “Müstəqilliyini yenicə elan edən Azərbaycanda vətəndaş müharibəsi, ağır sosial-iqtisadi vəziyyət gərgin durumun yaranmasına gətirib çıxarmışdı. Belə bir vəziyyətdə xalq problemlərdən çıxış yolunu Heydər Əliyevdə gördü. Baxmayaraq ki, Azərbaycanda müəyyən qüvvələr Heydər Əliyevin hakimiyyətə gəlməsini istəmirdi, xalqın təkidli tələbi həmin qüvvələri bununla razılaşmağa vadar etdi. Azərbaycan xalqı dərin ictimai-siyasi və iqtisadi böhrandan zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən siyasəti nəticəsində xilas oldu. Ümummilli lider Heydər Əliyevin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi və ölkəni gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevirdi”.

“İnşaat sektorunun inkişafında yeni mərhələ” adlı məruzə ilə çıxış edən AzMİU-nun kafedra müdiri Sahib Fərzəliyev çıxışında Ulu Öndərin hakimiyyətdə olduğu illərdə Azərbaycanda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərindən və bu sahəyə göstərilən diqqət və qayğıdan söz açıb.

AzMİU-nun su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı Zakir Musayev respublikada meliorasiya və su təsərrüfatının inkişafında ulu öndər Heydər Əliyevin böyük xidmətlərindən danışıb. Çıxışında müstəqillik dövründə meliorasiya və su təsərrüfatı sahəsində həyata keçirilən böyük infrastruktur layihələrə toxunan dekan geniş quruculuq işlərinin aparıldığını, iri su anbarları, hidroqovşaqlar, nasos stansiyaları, texniki cəhətdən müasir meliorasiya və irriqasiya sistemlərinin tikilib istifadəyə verildiyini bildirib. Bunun nəticəsində respublikada kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının və ümumi məhsul istehsalının bir neçə dəfə artdığını konfrans iştirakçılarının diqqətinə çatdırıb.

AzMİU-nun inşaat-texnologiya fakültəsinin II kurs tələbəsi Fidan Məmmədova bünövrəsi Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin etibarlı əllərdə olduğunu, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O, məruzəsində Ümummilli Liderin hakimiyyətdə olduğu dövrlərdə gənclərə göstərdiyi diqqət və qayğıdan söz açıb, onun milli kadrların yetişməsində müstəsna rolunu qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.