ELM VƏ TƏHSİL
Memarlıq və İnşaat Universitetində dizayn ixtisasınını seçən 400-dən artıq abituriyent qabiliyyət imtahanı verib
Bakı, 28 iyul, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) I və V ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər iyunun 28-də memarlıq və dizayn istiqaməti üzrə imtahan veriblər.
Universitetdən AZƏRTAC-a verilən məlumata görə, imtahanda memarlıq ixtisasını seçən 157, dizayn ixtisasınını seçən 400-dən artıq abituriyent iştirak edib. Rəsmxətt imtahanlarını bitirən abituriyentlər iyulun 29-da və 30-da rəsm imtahanında özlərini sınayacaqlar. Qabiliyyət imtahanında Dövlət İmtahan Mərkəzinin məsul nümayəndəsi Əsma İbrahimova iştirak edir.
Memarlıq və dizayn istiqamətləri üzrə keçirilən qabiliyyət imtahanında ortaya çıxan problemləri, imtahanın nəticələrdən narazı qalan abituriyentlərin şikayətlərini araşdırmaq üçün AzMİU-da münaqişə komissiyası fəaliyyət göstərir. İndiyədək komissiyaya 7 şikayət daxil olub. Komissiya üzvləri abituriyentlərin şikayətlərinə həssas yanaşaraq obyektivliyi təmin edirlər.
Xatırladaq ki, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına təsviri sənət, musiqi sənəti, memarlıq və dizayn, teatr, kino və xoreoqrafiya sənətləri, bədən tərbiyəsi və idman daxildir. Yalnız memarlıq ixtisası I ixtisas qrupuna daxildir, yerdə qalanlar isə V qrupun ixtisaslarıdır.